"Novruz dünya bayramları içində öz yerini tutan bayramdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Novruz bayramı Azərbaycan xalqının taleyində və tarixində ən mühüm bayramlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
O bildirib ki, hər şeydən əvvəl Novruz bayramı təbiətin oyanışı günlərinə təsadüf edir: "Qışdan sonra təbiətin oyanması, eyni zamanda insanların arzularının oyanması deməkdir. Bu mənada Azərbaycan xalqı min illər boyu bu Novruz bayramını keçirmiş, arzu və istəklərini bu bayramda ifadə etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Çar Rusiyasından qurtulandan sonra Azərbaycandakı milli bayramlardan biri də Novruz bayramı idi. 1919-1920-ci illərdə bu bayram Azərbaycan xalqı tərəfindən dövlət səviyyəsində keçirilmişdir. 1920-ci ilin aprelindən sonra isə bu bayramın rəsmi dövlət şəklində keçirilməsi qadağan olundu. Ancaq Azərbaycan xalqı hansı formada olursa-olsun, Azərbaycan xalqı çərşənbələri və Novruz bayramını uğurla keçirirdi. Ona görə də, Novruz bayramı min illər boyu Azərbaycan xalqının birləşməsi deməkdir, bir ideya uğrunda mübarizəsi deməkdir. Azərbaycan xalqının dünya xalqlarına humanizmi və məhəbbəti deməkdir. Novruz bayramında bütün insanlar yaşından asılı olmayaraq hamı sevinir. Kiçik yaşlı uşaqların papaq atması, hansısa evlərə getməsi, həmin evlərdə sevinclə qarşılanması, papaqlarına şirniyyatın, yumurtanın qoyulması sadəcə yemək vasitəsi deyil, bu, insanların bir-birinə məhəbbətidir. Eyni zamanda Novruz bayramında bütün insanların qəbir üstünə getməsi, valideynlərini ziyarət etmələri, həm də qəbir üstündə olan insanların bir-biri ilə görüşməsi də Novruzdan gələndir. Küsülülərin barışması da, ehtiyacı olan insanlara yardımın göstərilməsi də Novruz ideyalarıdır.
Xoşbəxtlikdən Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Novruz ənənələri yenidən vüsət aldı. Xüsusilə də, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanımın Novruz bayramı ilə bağlı himayəçiliyi və bu bayramımızın dirçəldilməsi, bunun dünyaya töhfələr verməsi onu göstərir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu bayrama xüsusi önəm verilir. Ümummilli Lider Heydər Əliyev də həmişə Novruz günlərində İçərişəhərə daxil olub, bütün insanlarla qucaqlaşıb, onların bayramını təbrik edib. Hətta Novruzla bağlı bir çox bayramların da iştirakçısı olurdu.
44 günlük Vətən müharibəsindən sonra Şuşada ilk Novruz tonqalı qalandı. İnsanlar 30 ildən artıq idi ki, bunu gözləyirdilə. Şuşa, tarixi torpağımız Azərbaycana qaytarılsın və qaytarildu. İlk bayram ənənələri, şənlikləri burada davam etdirildi. Bu bayramların keçirilməsində həm Azərbaycanın dövlət başçısının, həm də birinci vitse-prezidentin müstəsna xidmətləri var. Təsadüfi deyil ki, birinci vitse-prezidentin təşəbbüsü ilə bayram günlərində hərəmiz ağac əkirik. Ölkəni yaşıllaşdıraq, onsuz da, Novruzun simvolu yaşıllıqdır. Bu bayramın keçirilməsi də, ağacın əkilməsi də Azərbaycan cəmiyyətini, dövlətini möhkəmləndirmək üçün atdığı addımlardan biridir".
"Novruz bayramını bu gün daha rahat keçirə bilirik. 30 il ərzində milyondan artıq insan öz ev-eşiyindən didərgin düşmüş, Novruz bayramını keçirsə də, ancaq bayramın içində sıxıntı var idi. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bütün bölgələrində Novruz bayramı Azərbaycan xalqının ürəyincə keçirilir. Yəni xalq, dövlət qalıbdır. Onun əsgəri qəhrəmandır, Azərbaycanın dövlət suverenliyi bərpa olunub və bu Novruz günləri də Azərbaycanın bütün torpaqlarında böyük sevinc hissi ilə keçirilir.
Azərbaycanda eyni zamanda Novruz bayramını dünya bayramına çevirmək üçün, dünya xalqlarının əmin-amanlığına xidmət etmək üçün onu təbliğ edir. Artıq bu gün demək olar ki, türkdilli dövlətlərin hamısı Novruz bayramını daha böyük şövqlə qeyd edir. Bu bayramı dünya bayramlarına qatmaq üçün əlindən gələni edir. Çünki bu bayramın mahiyyətində ədalət, bərəkət, var-dövlət, halallıq, səmimiyyət, inam, ehtiram var. Bütün bu cəhətlərə görə də Novruz dünya bayramları içində öz yerini tutan bayramdır. Hər bir xalq bu bayram haqqında oxuyanda, eşidəndə, canlı şahidi olanda onu sevir. Çünki Novruz əslində bütün dünya xalqlarına xidmət edir, onların bir-birinə olan mehribanlığını tərənnüm edir. Dünyanın azad, xoşbəxt yaşaması üçün belə bayramlara həmişə ehtiyac olub. Bu gün də Azərbaycan bu bayramın böyük ideoloqu, təbliğatçısı olmaqla yanaşı onu bütün dünyaya tövsiyə edir. Bu istiqamətdə uğurlu işlər aparır" deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə