"Daha sağlam versiyalar hazırlamaq mümkündür" - MÜNASİBƏT BİLDİRİLDİ

"Novruz mədəniyyətimizdə mühüm yer tutan əsas bayramdır və süfrəsi şirniyyatlarla zəngindir. Şəkərbura və paxlava bu süfrənin əvəzsiz şirniyyatlarındandır. Şəkərbura adətən xəmir (un, yağ, yumurta) və içlik (qoz, şəkər, ədviyyat) ilə hazırlanır. Paxlava isə nazik xəmir qatları, bol yağ, şəkər şərbəti və fındıq-qozla zənginləşdirilir. Bu şirniyyatlar enerji baxımından yüksək kalorili olur. Şəkərburanın 100 qramı təxminən 400-450 kkal, paxlavanın isə 500-600 kkal təşkil edə bilir. Bunun səbəbi yüksək miqdarda doymuş yağlar (kərə yağı), sadə karbohidratlar (şəkər, ağ un) və minimal lif tərkibidir. Müasir sağlam qidalanma prinsiplərinə görə bu cür qidalar həddindən artıq istehlak edildikdə qan şəkərinin sürətli artmasına, piylənməyə və ürək-damar xəstəliklərinə risk yarada bilər". Bu sözləri sağlam qida təbliğatçısı Asim Vəliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ənənəvi reseptləri dəyişdirərək daha sağlam versiyalar hazırlamaq mümkündür: "Bunun üçün qida elmi və dietologiya prinsiplərindən istifadə edərək tərkibdəki bəzi komponentləri əvəz etmək olar. Ağ un əvəzinə tam taxıl unu istifadə edə bilərik. Ağ un sadə karbohidratlarla zəngindir və qlisemik indeksi yüksəkdir. Tam taxıl unu (qarabaşaq, yulaf və ya çovdar unu) lif, B vitamini və minerallarla zəngindir, qan şəkərini stabilləşdirir. Kərə yağını zeytun yağı və ya avokado yağı ilə qismən əvəz etmək doymuş yağları azaldar, omeqa-3 kimi faydalı yağ turşularını artırar. Məsələn, xəmirə 50% kərə yağı, 50% zeytun yağı qarışığı istifadə oluna bilər. Paxlavada şəkər şərbətini tamamilə bal və ya steviya ilə əvəz etmək kalori miqdarını azalda və qlisemik yükü aşağı sala bilər. Bal antioksidantlarla zəngindir, steviya isə kalorisiz təbii şirinləşdiricidir. Şəkərburanın içliyində şəkər yerinə xurma püresi və ya əncir pastası istifadə oluna bilər. Bu lif və mikroelementlər (kalium, maqnezium) əlavə edər. Qoz-fındıqlar omeqa-3, E vitamini və antioksidantlarla zəngindir. Şəkərburada içliyin şəkər hissəsini azaldıb qoz miqdarını artırmaq həm dadı qoruyar, həm də qida dəyərini yüksəldər. Küncüt, çia və ya kətan toxumu əlavə etmək lif, protein və sağlam yağları artırar. Şirniyyatların ölçüsünü azaltmaq ümumi kalori qəbuluna nəzarət etməyə kömək edə bilər. Həmçinin paxlavanı qızartmaq əvəzinə sobada bişirmək yağ miqdarını azaldar.

Elmdə “funksional qida” anlayışı var. Bu sağlamlığa fayda verən qidalardır. Təklif olunan dəyişikliklər şirniyyatları funksional qidaya çevirir. Lif qəbizliyi azaldır, təbii şirinləşdiricilər diabet riskini azaldır, sağlam yağlar isə ürək-damar sağlamlığını qoruyur".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə