Bəylər niyə hədiyyə seçimində çətinlik çəkirlər? - MÜSAHİBƏ

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun SİA-ya müsahibəsini təqdim edirik:

- 8 Mart Beynəlxalq Qadınlar Günündə biz həmişə qadınlara hədiyyə veririk. Niyə kişilərə də hədiyyə verilməsin? Belə bir ideya, təklif varmı?

- 8 Martı bayram kimi qeyd etmək düzgün deyil. Çünki ona qalsa, Sevgililər Günü də iki nəfərin ölümü ilə bağlı hadisədir. Bayramların əksəriyyətinin arxasında hansısa faciəvi hadisə dayanır. Zəfər bayramını qeyd edirik, bizim üçün çox əlamətdar hadisədir. Amma onun arxasında 3 minə yaxın şəhidimiz, daha geniş mənada isə 20 minə yaxın qurbanımız var. Bu baxımdan fikirləşirəm ki, bayramdır və bayram etmək olar. Əgər həmin gün üçün xanımlar mübarizə aparıb qan töküblərsə, sözün əsl mənasında bayramdır. Mən istərdim ki, bu gün məhz Xanımlar Günü olsun. Qadın bir az mücərrəd mənadadır. Xanımlar bu günü bayram kimi qeyd edə bilərlər, bir şərtlə ki, sui-istifadə etməsinlər. Yeni il gəlir, hədiyyə istəyirlər, Sevgililər Günü gəlir, hədiyyə istəyirlər. Keçmişdə kişilər bayramını 23 fevral edirdilər, sonra dedilər ki, SSRİ-dən qalmadır. Milli Ordu Günü 26 iyundur, onda da kişilərə hədiyyə vermirlər. Bu, bir növ qadınların kreativ şiddətinə aparıb çıxarıb. Hər şeyi kişilərdən tələb edirlər. Azərbaycan ailəsi belədir ki, kişi çöldə qazanır, qadın da evə baxır. Onsuz da, qadınların hər günü kişilər evə pul gətirəndə bayramdır. Amma biz Qadınlar Günü qeyd edirik ki, bu günlərdən ən özəlini sizə həsr etmişik. Bizdən hədiyyələr tələb edirsiniz, bəs siz bizə nə verirsiniz? Bayram günü bizim üçün qeyri-adi nə təşkil edirsiniz? Olmaz ki, il boyu sizə verdiyimiz pulları yığıb bir yaxşı telefon da bizə hədiyyə edəsiniz? Niyə biz on qat ucuz telefon işlətməliyik? Bizi də sayın. Kişilərin, həqiqətən də, belə etirazlarında məntiq var. Azərbaycan xanımı hər mənada qəhrəmandır, ilin bütün günlərini ona həsr etmək olar. Amma bunu bizim xanımlarımız sona qədər dərk edirlər? Sanki xanımlarımıza müharibədə şəhid olmaq üçün lazımıq. Ərə gedib, altı aydan sonra boşanıb, aliment alırlar. Hara gedirsiniz? Kişilərsiz qadın xanım, ana, qaynana ola bilərmi? Gəlir, ictimai debat edək ki, niyə biz bu günə gəldik? Niyə qızlarımız, oğlanlarımız evlənmək istəmirlər?

- Hədiyyələrdən sui-istifadə halları niyə artıb?

- Qadınlar, qızlar skandal hala gətirirlər. Deyirlər ki, əgər təbii yolla uşaq dünyaya gətirsələr, məhv olacaqlar, fiquraları pozulacaq. Analar da deyir ki, bir qızı var, həkim deyib ki, əgər təbii yolla uşaq dünyaya gətirsə, həyatına son qoyula bilər. Biz sizinlə birlikdə maarifçiliklə məşğul olmalıyıq. Paraşütdən atlanma idman növü var. Çox adam getmir ki, təhlükəlidir, açılmadı, öləcəksən. Doğuşda da həmin təhlükədir. Həkimi günahkar bilməməliyik. Həkim pula görə təklif etsə də, siz onu qəbul edə də bilərsiniz, qəbul etməyə də bilərsiniz. Xanım hərəkət etmir, gedir bədən şəkilləndirmə edir. Səhərdən axşama kimi yağlı yeməklər, çips yeyir, üstündən də Coca-Cola içir. İndiki xanımlar siqaret də çəkir, alkoqollu içkilər də qəbul edirlər. Az qalıb ki, kişilərin bütün funksiyalarını yerinə yetirsinlər. Qadınların iş tapması daha asandır. Son dövrlərdə kişilərin böhranı baş verir. 180 minə yaxın qızlar, 68 minə yaxın isə oğlan uşaqları ali məktəbə qəbul olur. Bu, artıq böhrandır. Bir ayaq üstündə yerimək mümkün deyil. Qadınlar hər şeyi bacarsalar da, bu, bir ayaq yeriyişidir. 15 addımdan sonra yorulacaqlar. Qadınlar tələb edir ki, qızımın toyu böyük şadlıq sarayında olmalıdır. Kişilər bunu tələb etmirlər. Qızların hüquqlarını ən çox müdafiə edən mənəm. Təklif etmişdim ki, niyə oğlanlarımız üçün qız alırıq, niyə qızlarımız üçün oğlan almayaq? Qızlar bəyəndiyi oğlana niyə elçi düşməsin? Mənim üstümə düşdülər. Məlum oldu ki, Azərbaycanda qızların 10%-i elçi getmiş kimi bir şeydir. Azərbaycan cəmiyyətində qeyri-adi söz deyəndə hamı səni söyür. Mən verilişlərdə ideyalar ortaya atıram. Mən bu ideyanı Almaniyada və Rusiyada vermərəm. Onlarda qadın və kişi bir-birini bəyənir, heç toy da etmədən yaşayırlar, uşaq olandan sonra lazım olanda nikah bağlayırlar. Biz deyirik ki, oğlanlar kimi qadınların da xoşbəxtlik hüququ var.

- Bəylər niyə hədiyyə seçimində çətinlik çəkirlər?

- Hər bir hadisənin müsbət və mənfi tərəfləri var. Pozitiv yanaşmalıyıq. Hədiyyələr, təbrikləşmə biznesin bir sahəsidir. Burada xanımlar özləri hədiyyə düzəldib satışa çıxara bilərlər. Hamı hədiyyəni sevir. Hədiyyə vermək o deməkdir ki, qarşı tərəfə sevgi və hörmət göstərilir. Fikir verirsinizsə, xarici ölkələrdə kitab hədiyyə edirlər. Təəssüflər olsun ki, bizdə hələ bu mədəniyyət formalaşmayıb. Mən tanış bir müvəkkilə ad günündə çox bahalı kitab hədiyyə etmişdim. Xanım təəccübləndi. Dedim ki, bu kitabın dəyəri sizə verilən 100 manatdan daha qiymətlidir. O kitabı hədiyyə mədəniyyətinin bir forması olaraq vermişdim. Azərbaycanda hədiyyə həm də iqtisadiyyatı inkişaf etdirə bilər. Çünki bizdə bayramlarla bağlı göstərilən xidmətlər var. Bayramlar kommersialaşdırılmış şoudur. Çünki insanların mənfi enerjisini çıxarmaq üçündür. Əvvəl toylarda oynayanlara pis baxırdım, sonra qəbullandım. Çünki Azərbaycan toylarındakı rəqslər idmandır. Yaxşı olar ki, hər gün evinizdə həyat yoldaşınızla, yaxınlarınızla bir az rəqs edəsiniz. Qonşu nə deyir desin, siz borca düşəndə sizə kömək edirlər? Biz ancaq yas mərasimlərinə getməyi sevirik. Nə üçün bayramlarda, çərşənbələrdə bir-birimizin evinə getməyək? Yaşlıların evlərini təmizləyək, bayramlaşaq. Bayram əslində budur. Amma əksəriyyət həyat yoldaşını götürüb restorana gedir. Mədəni yükləmək vərdişini atmaq lazımdır. Dənizimiz, məşqlərimiz zibil içindədir. Ailənizlə gedib, bir dəfə ekoloji bayram etmisinizmi? Bayramın fəlsəfəsi çox böyükdür.

- Məntiq, yoxsa sevgi evliliyi? Hansı daha çox xoşbəxt edir?

- Ailə planlaşdırılması çox önəmlidir, əlbəttə ki, məntiq evliliyi doğrudur. Sevgi 13-14 yaşlarında olur, ilk məhəbbət də daşa dəyir ki, sevginin müqəddəsliyi ürəyimizdə qalsın və bizi yaşatsın. Bilirsiniz ki, Allahın adı da sevgidir. Bir şeyi də demək istəyirəm ki, bu bayram qadınlar bayramıdır. Hansısa kafedə, restoranda, qəfəsdə keçirməkdənsə, çölə çıxmaq lazımdır. Xanımlar da gözəl geyinib çölə çıxmalıdırlar. Biz də hər baxdığımız xanıma başqa gözlə baxmırıq. Baxırıq ki, anam, bacım, dostumun yoldaşı gözəldir. Həyatı da sevgi və gözəllik xilas edəcək. Azərbaycanda xanıma dünyanın heç bir yerində olmayan qədər azadlıq verilib, müqəddəs varlıq kimi baxırlar. Heç bir xalqda ana kultu bu qədər deyil, xanım məclisə gələndə qalxıb yer vermək kultu yoxdur. Amma bununla müasir dünyanın düşüncə tərzi birləşdirilməlidir. Artıq qadın evdə süpürgə deyil, o da müstəqil insandır. Bu günü ona görə təmtəraqlı qeyd edirik ki, qadının müqəddəs varlıq olduğunu dərk edək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə