"Orucluq ayında əsas məqsəd və mahiyyət mənəvi ruhun inkişafıdır" - DİN XADİMİ DANIŞDI
“Ramazan ayı mərhəmətli aydı. Eyni zamanda bu ayda insanların birinin digərini duymasıdır. Adından göründüyü kimi “yanmaq” və “yandırmaq” mənalarına gəlir. Yəni insanlar 11 ay günahlarını məhz bu Ramazan ayında yandırırlar. Ramazan ayının əvvəli mərhəmət, ortası bağışlanmaq, sonu isə cəhənnəm atəşindən qurtuluşdur. Ramazan yalnız cismin ac qalması deyil. İnsanlar səhərdən şam azanına qədər ac qalırlar. Yəni bu mədənin boşluğu oruc tutmaq deyil. Orucluq ayında əsas məqsəd və mahiyyət mənəvi ruhun inkişafıdır. İnsan oruc tutarsa, onun həm metofizik, ruh aləmi, həm də vicdanı və Allaha olan bağlılığı artır”. Bu sözləri Qafqaz Müsəlmanlar İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” Məscidi din icmasının sədri Hacı Surxay Məmmədli SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bir insanın mərhəməti Ramazan ayında digər aylara nisbətən inkişaf etmirsə, oynamırsa deməli bu Ramazan deyil: “Ramazan ayında tövsiyyəm bundan ibarətdir ki, insanlar bu ayda səbrli olsun. İl boyu insan əgər cisminə müalicə etdirməkdən ötrü həkimə gedir, bütün vücudlarını "çekap" edirlər. Harada çatışmazlıq varsa, həkim onu müayinə edir. Problemlərin aradan götürülməsi üçün müalicələr yazır. İnsanın daxili orqanlarında hər hansı problem varsa, həkim onu müalicə edir. Amma bizim illik mənəvi çekapımız da var. Yəni biz bu ay Ramazanın, Qurani-Kərimin çekapından keçəcəyik. Əgər bizdə səbirsizlik varsa mütləq şəkildə Ramazan ayında biz o səbri müalicə edəcəyik. İradəmiz zəifdirsə bu ayda müalicə olunacaq. Tövsiyyəm bundan ibarətdir ki bu ayın fəzilətindən, mərhəmətindən istifadə edək. İnsanlara yardım edək, çünki bu Ramazanın fəzilətidir. Mən hər zaman qeyd edirəm ki, yediyimiz zaman deyil, yedirdiyimiz zaman, geyindiyimiz zaman deyil, geyindirdiyimiz zaman, sevindiyimiz zaman deyil, sevindirdiyimiz zaman bayram olur”.
Hacı Surxay Məmmədli həmçinin qeyd edib ki, bayram bütünlükdə insanın ruhuna və cisminə şəfa vermirsə, bu bayram sadəcə onun cisminə təsir edəcək: “Ramazan ayında insanları birliyə, bərabərliyə, acların qayğısına qalmağa təşviq edirəm və dua edirəm ki, insanlar bu bayram aylarında, Ramazan günlərində sevgi və sayğılarının bir-birinə qarşı artmasını Allahdan təmənna edirəm. Allah Qurani-Kərimdə bariz şəkildə qeyd edir ki, xəstə və səfərdə olduğunuz zaman oruc tutmayacaqsız. Amma bu şərtlə oruc tutmayacaqsız ki, onu ictimailəşdirməyin. Yəni mənim bir xəstəliyim var, yaxud başqa bir səbəbdən insanların arasında yemək düzgün deyil. Daxili fərdi şəkildə, individual orucu tutursa, xəstədirsə və yeyirsə, oruc tutmursa bu zaman gizlin aparılmalıdır. Həmçinin hər gün yediyinin fidyəsini ehtiyacı olan insanlara verəcək. İl boyu sağaldığı zaman isə orucu tutacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə