Ramazan ayının özünəməxsus spesifik xüsusiyyətləri nələrdir? - MÜNASİBƏT BİLDİRİLDİ
“Ramazan ayı təkcə oruc tutmaqdan, yəni ac qalmaqdan ibarət deyil. Ramazan ayının özünəməxsus xüsusiyyətləri var”. Bu məsələ ilə bağlı SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev məlumat verib.
Onun sözlərinə görə, bəlkə də bizim gündəlik ac qalmağımız işin ən qabarıq görünən tərəfidir: “Oruc tutmaq vasitəsilə insan təqva əldə edir. Təqva nədir? Təqva Allaha yaxınlaşmaqdır, Allahı tanıyaraq yaşamaqdır. Orucun digər xüsusiyyətinə gəldikdə isə Allah rəsulu buyurur ki, oruc tutun sağlam olun. Oruc tutmaq bizə eyni zamanda maddi və fiziki baxımdan bir sağlamlıq qazandırır. Vücudumuzda 11 ay müxtəlif qidalardan, yağlardan əmələ gələn piylər 1 ay tutduğumuz oruc vasitəsilə təmizlənmiş olur. Digər tərəfdən insan olaraq rəbbimiz tərəfindən verilən xüsusiyyətləri, fitrətimizdə olan sevgi, şəfqət, mərhəmət hiss və duyğularını itirə bilirik. Ramazan ayında biz tutduğumuz oruclar vasitəsilə artıq fürsət yaranır ki, özümüz ilə başbaşa qalaq, nəfsimizi tanıyaq, nəfsimizi tanımaq vasitəsilə də rəbbimizi tanıyaq ki, itirdiyimiz dəyərləri Ramazan ayında yenidən bərpa edək. Nəticə etibarilə Ramazan ayı həm insanların sosiallaşması üçün, həm də bir süfrə ətrafında əyləşib öz yediyi qidaları insanlar ilə paylaşaraq həqiqi insani keyfiyyətlərə sahib olması üçün çox müstəsna bir aydır. Təbii ki, Ramazan ayının fəzilətlərini saymaq ilə bitirə bilmərik. Amma xüsusilə Ramazan ayına həm görünən, həm də görünməyən tərəfdən baxmağa çalışsaq, gözəlliklər ilə dolu olduğunu görəcəyik. Onun üçün də Allah rəsulu buyurur ki, siz əgər Ramazan ayının nə olduğunu bilsəydiniz, 11 ayın Ramazan ayı olmağını istəyərdiniz. Biz Ramazan ayını tam dərk edə bilmirik, tam anlaya bilmirik. Təəssüf ki, bir çox insan Ramazan ayını anlayıb, dərk edə bilmədikləri üçün bu kimi fəzilətli bir aydan, oruc kimi mötəbər bir ibadətdən məhrum olmuş olurlar”.
Qumral Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə