"Qış bizdən can almasın, yardımlarımızla qış canlansın!” - EKSPERT RƏYLƏRİ
Soyuq havaları bir çoxları sevməsə də sevənlər də az deyil. Bəs, bu soyuqlarda küçədəki sahibsiz heyvanlar necə qidalanır? Onlar harada sığınacaq tapır? SİA mövzu ilə bağlı “Küçələrin səsi” heyvanlara yardım komandasının yaradıcısı və inzibatçısı Şölə Bağırova və yardım komandasının inzibatçısı Qüdrət Məmmədovun fikirlərini öyrənib.
“Küçələrin səsi” heyvanlara yardım komandasının yaradıcısı və inzibatçısı Şölə Bağırova: “Təəssüf ki, günü-gündən ölkəmizdəki heyvanların vəziyyəti pisləşir. Ac, yaralı heyvanlar daha çoxdur, heyvansevərlər isə getdikcə azalmaqdadır. Havalar soyuduqca, heyvanlar daha çox acır. Ona görə də soyuq havalarda daha çox yemək vermək lazımdır.
Hər kəsə “heyvanlarla bağlı cümlə qur” desən, “Heyvanları çox sevirəm” deyərlər. Amma baxsaq, dildə deyildiyi kimi, hər kəs heyvanları sevirsə, niyə küçədə bu qədər ac heyvan var? Bir cümlə var: “Sevmək məcburiyyətində deyilsən, amma ən azından zərər vermə”. Bütün insanlıq üzərində bu cümləni təbliğ etmək istərdim: “Siz sevməyin, biz sevərik. Təki, zərər verməyin””.
“Küçələrin səsi” heyvanlara yardım komandasının inzibatçısı Qüdrət Məmmədov: “Qışın gəlməsi və ardından qarın yağması hamımız üçün çox xoş mənzərədir. Bütün şəhər, ağaclar və torpaq qarın altında qalır. Soyuq havada isti evimizdən qarın yağışını görmək ayrı bir zövq verir. Nə deyirsək-deyək fərq etməz. Onlar canlıdır, çox vaxt qışın soyuğundan qoruna bilmirlər. Hər hava soyuyub qar yağanda onlar soyuq küçələrdə yalnız qalırlar. Qar əridikdən sonra isə geridə qalan ölü bədənlər olur. Onların isti barınaqlara, insan şəfqətinə qış aylarında daha çox ehtiyacı var. Gəlin şəhərimizin balaca canlılarına dəstək olaq. Qış bizdən can almasın, yardımlarımızla qış canlansın!”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə