“Son zamanlar ortaya çıxan yaşam kouçlarının sözünə görə, insan beynində olan hər şeyi silə bilirlər. Yəni daha yaxşı olan xatirələri saxlayıb, mənfi olanları çıxarırıq. Nəticədə isə xatirələrinizdə artıq pis heç bir şey qalmır. Bütün bunlar hamısı boş fikirlərdir və insanları aldatmaq məqsədilə irəli sürülən bir plandır. İnsan yaşadığı hadisənin heç bir tərəfini və hissəsini unuda bilməz. Sadəcə olaraq onu narahat etməyən bir vəziyyətə gətirə bilər. Ümumiyyətlə insanda yaşanmış hadisələr və həmin hadisələrin insana verdiyi hislər vardır. Müəyyən mənada onu narahat edən hisləri düşünmək olar. Bu narahatçılığa bir həll yolu tapmaq mümkün ola bilər. Lakin bunu yaddan çıxarmaq, hətta dərmanlarla belə silmək mümkün deyil”. Bu sözləri psixoloq Gülnar Orucova SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, şüuraltını silmək yaxud ora hər hansı bir hilər yükləmək söhbəti yalandır: “İnsanlar qətiyyən bu kimi yalanlara inanmamalıdırlar. Şüuraltı 6 yaşa qədər toplanır. 6 yaşdan sonra isə insan şüuraltıya toplanmış müəyyən təcrübələrdən çıxış etməyə başlayırlar. Yəni insanın təməli 6 yaşdan başlayır və o zaman insan şüuraltısı formalaşmağa başlayır. Hətta 6 yaşda olan insanı binaya bənzədirlər. Yəni binanın təməli qoyulandan sonra ona əlavə edilən əşyalar yaxud bir çox təmir avadanlıqlarını insan şüuraltına bənzədirlər. Yəni eynən insan şüuraltısı onun xarakterinin təməlidir və burada heç nəyi dəyişə bilmərsən. Müvəqqəti düşünə bilərsən ki, “mən bu düşüncəmi dəyişim, yaxud bunu silim”. Lakin bunlar mümkün ola biləcək bir şeylər deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə