"Sağlam şəkildə təxliyyə olunmaları yoxlanılmalıdır" - AYDINLIQ GƏTİRİLDİ

"Fövqəladə hadisələr iki növə bölünür. Bunlar təbii və texnogen hadisələrdir. Təbii hadisələr təbiətin bilavasitə özündə yaranan dəyişikliklər səbəbindən baş verə bilən fövqəladə hallardır. Bunlar təbii fəlakətlər, qasırğa, şimşək çaxması, daşqınlar, sellərdir. Texnogen hallar isə insan fəaliyyəti nəticəsində baş verə bilən hadisələrə aid edilir. Bunlar yanğın, hər hansısa qəza, partlayış hadisələri sayılır. Bütün fövqəlad' hallardan qorunmaq üçün önləyici tədbirləri və fövqəladə hallara hazırlıq məsələsi xüsusi əhəmiyyət kəsb edir". Bu sözləri açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.

Onun sözlərinə görə, əgər fövqəladə hallara hazırlıqlı olsaq hər hansı baş verə bilən hadisə zamanı doğru-düzgün davranış qaydalarını sərgiləyərək həmin hadisədən minimum zərərlə qurtula bilərik: "Bu hadisələr yanğın, qəza partlayışları, zəlzələ hadisələri, təbii sel daşqınları, vulkan püskürmələri və s. olaraq geniş sıralamaq olar. Təbii fəlakətlərə hazırlıq məsələləri təhsil müəssisələrindən gündəmə gəlməlidir. Beləki məktəblərdə şagirdlərə təbii fəlakətlərə hazırlıq və təbii fəlakətlər baş verdikdə davranış qaydaları ilə bağlı xüsusi dərslər keçirilməlidir. Bu dərslər həm praktiki, həm də nəzəri həyata keçirilməlidir. İldə bir neçə dəfə fövqəladə və təbii fəlakətlərə hazırlıq çərçivəsində həyəcan siqnalları verilməli və şagirdlərin fövqəladə hallara hazırlıq səviyyəsi yoxlanılmalıdır. Bu tədris metodikası ali məktəblərdə də davam etdirilməli, bununla bağlı mütəmadi maarifləndirici və təbliğat xarakter daşıyan sujetlər kütləvi informasiya vasitələrində yayımlanmalıdır".

Ekspert həmçinin qeyd edib ki, yaşayış binalarında zəlzələ və yanğın hadisələrinə hazırlıq çərçivəsində MTK rəhbərləri tərəfindən bütün müvafiq tədbirlər görülməli, yanğın təhlükəsizliyinə təyin olunmuş cavabdeh şəxslər tərəfindən mütəmadi yanğın söndürmə avadanlıqları və cihazlarının saz vəziyyətdə saxlanılması təmin olunmalıdır: "Həmçinin yaşayış binalarında mütəmadi olaraq sakinlərin maarifləndirilməsi üçün təlim məşğələləri təşkil olunmalıdır. Təlim məşğələlərində insanların təhlükəsiz və sağlam şəkildə təxliyyə olunmaları yoxlanılmalıdır. Fövqəladə hallara və hadisələrə hazırlıq çərçivəsində önləyici tədbirlərin görülməsi, insanlar tərəfindən təhlükələrin tanınması baş verən hadisələrdə minimum zərərlə qurtulmağa çox ciddi və təkanverici rol oynamaqdadır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə