"Müsəlmanın kilsədə namaz qılması maneəsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Allahın evi, Allaha mənsub edilən evlər həmişə müqəddəs sayılıb, toxunulmaz hesab olunub". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, ümumiyyətlə, belə məkanların dəyəri ona görədir ki, başqa yerdə olunan günahlar adətən bu evlərdə olmur: "Ona görə də dualar daha tez qəbul olunur. Bir müsəlmanın gedib kilsədə namaz qılması, öz İslami rituallarını yerinə yetirməsi maneəsizdir. Buna heç bir əngəl qoyulmur. Ya bir qeyri-müsəlmanın İslami qaydalara riayət edərək məscidə daxil olmasının problemi yoxdur. Amma bir müsəlmanın gedib Məsihi dininə uyğun dualar etməsi düzgün sayılmır. Çünki İslam dini gəldikdən sonra Quranin hökmünə əsasən bütün dinlərin hökmü qüvvədən düşmüşdür.

Müsəlmanların məsihilərin adətlərinə riayət etməsi bir növ onların təbliğatı hesab olunur. Bir müsəlman kilsədə namaz qıla bilər, kilsəyə gedə bilər, heç bir problem yoxdur. Amma gedib onların məbədi sayılan kilsədə onların rituallarını yerinə yetirməsi müsəlmançılıqdan qismən də olsa, imtina etmək kimi dəyərləndirilə bilər. Məsihiliyə, yəhudiliyə ehtiram, digər dinlərə hörmət, tolerantlıq o demək deyil ki, biz onların rituallarına da riayət etməliyik. Bunlar ayrı-ayrı məsələlərdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə