Zəfər Günü münasibətilə Berlində təntənəli tədbir təşkil olunub - FOTOLAR
Zəfər Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə “Sülh və birgəyaşayış” devizi altında Berlində təntənəli tədbir təşkil olunub. SİA xəbər verir ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 400-dək qonaq, o cümlədən Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev iştirakçılara otuz il davam etmiş işğal, onun xalqımız üçün ağır nəticələri barədə ətraflı məlumat verib, Azərbaycanın bu müddətdə problemin sülh yolu ilə həllinə cəhd göstərdiyini, lakin Ermənistanın müxtəlif bəhanələrlə işğalı uzatmağa çalışdığını, ölkəmizə qarşı dəfələrlə silahlı təxribatlar törətdiyini qeyd edib. Diplomat bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin sentyabrında törətdiyi sonuncu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu genişmiqyaslı əks-həmlə əməliyyatına başladı. Cəmi 44 gün davam etmiş Vətən müharibəsi 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Qarabağın incisi sayılan Şuşanı azad etməsi ilə başa çatdı.
Azərbaycan 30 illik işğala Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində son qoydu, tarixi torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının birliyi, Ordumuzun qəhrəmanlığı BMT-nin qətnamələrinin icrasına, beynəlxalq hüququn və tarixi ədalətin bərpasına imkan yaratdı.
Müharibənin başa çatmasından dərhal sonra azad edilmiş ərazilərin dirçəldilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini qeyd edən səfir Ermənistanın işğal dövründə bütün infrastrukturu məhv etməsinin, əraziləri minalamasının bu prosesə mane olduğunu, 380-dən çox azərbaycanlının mina hadisələri zamanı həlak olduğunu və yaralandığını diqqətə çatdırıb. Qeyd olunub ki, müharibənin başa çatmasından ötən qısa müddət ərzində görülən işlər nəticəsində bir neçə kənd və şəhər yenidən qurulub, iki hava limanı, magistral yollar, tunellər, dəmir yolu xətləri, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, zavodlar və digər infrastruktur obyektləri, çoxsaylı dini, mədəni və tarixi abidə və obyektlər bərpa olunub. Artıq 8 mindən çox keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb.
Nəsimi Ağayev Azərbaycanın sülh təşəbbüsləri barədə məlumat verərək, sülh müqaviləsi üzərində fəal iş aparıldığını, sərhədlərin delimitasiya və demarkasiyası sahəsində mühüm irəliləyişin əldə olunduğunu, bu yaxınlarda iki ölkə arasında ilk ikitərəfli sənədin ratifikasiya edildiyini vurğulayıb. Xüsusi qeyd edib ki, Azərbaycan təkcə davamlı sülhə deyil, həm də davamlı birgəyaşayışa çalışır. Sülh prosesi mürəkkəb və çətin olsa da, əldə edilən irəliləyişlər dialoq və əməkdaşlıq yolunun, sülhsevər gələcəyin mümkünlüyünü göstərir.
Sonra Berlindəki səfirliyimiz tərəfindən hazırlanmış "Qarabağ və Şərqi Zəngəzur: Xarabalıqdan çiçəklənməyə" adlı film nümayiş etdirilib, eyniadlı buklet təqdim olunub.
Film və bukletdə torpaqlarımızın işğal dövründə Ermənistan tərəfindən viran qoyulması və bunun fonunda son dörd ildə Qarabağda və Şərqi Zəngəzurda görülən geniş quruculuq işləri barədə ətraflı məlumat verilib.
Sonra "Xarıbülbül" adlı konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycanın Əməkdar artisti Şəhriyar İmanovun (tar), Şükür Əliyevin (zərb) və İlqar Əliyevin (piano) ifa etdikləri musiqi əsərləri tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Sonda Zəfər Günü ilə bağlı ziyafət verilib
Bütün xəbərlər Facebook səhifəmizdə