Ev heyvanları hansı şəraitdə saxlanmalı və qaydalar necələr olmalıdır? - AYDINLIQ GƏTİRİLDİ
"Hal-hazırda ölkəmizdə insanlar yaşayış məntəqələrində heyvanların saxlanması qaydaları və bu qaydalara riayət etməyin nə qədər vacib olması barədə məlumatsızdırlar". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Hikmət Hüseynzadə deyib.
O bildirib ki, qaydalara riayət etmədən küçədə ev heyvanlarının, əsasən itlərin, gəzdirilməsi hallarının tez-tez şahidi olur: "Əgər heyvan saxlayan insanlar bu qaydaların pozulması nəticəsində yüksək məbləğdə cərimə olunacaqlarını, hətta bəzi hallarda cinayət məsuliyyətinə cəlb olunaraq, onlara azadlıqdan məhrumetmə növündə cəza təyin oluna biləcəyini bilsələr, bütün ev heyvanı sahibləri bu qaydaları öyrənər və tətbiq edərlər. Əlbətdə ki, bu qaydaları burada izah etmək uzun olardı. Ona görə mən əsasən bu qaydalara riayət etməyənləri hansı tənbeh və cəzaların gözlədiyindən bəhs edəcəm.
Deməli bu qaydalar - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”dır.
İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsi “Ev heyvanlarının saxlanılması qaydalarının pozulması” adlanır və bu maddə bu məsələni tənzimləyir. Maddədə qeyd olunur ki;
- ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; - ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;
- it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;
- itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;
- sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;
- ev heyvanlarının insanların üzərinə saldırılmasına;
- yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;
- qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına;
- ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə
Şəxslər iki yüz manat (200 AZN) məbləğində cərimə edilir. Əgər bu xətalar bir il ərzində yenidən təkrarlanarsa, onda şəxslər üç yüz manat (300 AZN) məbləğində cərimə edilir. Burada diqqət verilməli olan digər məsələ odur ki, əgər heyvanların saxlanılması qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti və ya maddi zərər vurularsa heyvanın sahibi olan şəxs səkkiz yüz manatdan min manatadək (800- 1000 AZN) məbləğdə cərimə edilir. Əgər şəxsin sağlamlığına ağır zərər vurularsa, bu cinayət məsuliyyətinə səbəb olur və heyvanın sahibi Cinayət Məcəlləsinin 131-ci maddəsinə müvafiq olaraq cinayət məsuliyyəti daşıyır. Və əgər şəxs bu maddəylə təqsirli bilinərsə, ona aşağıdakı cəzalardan biri verilə bilər:
- min iki yüz manatdan iki min dörd yüz manatadək (1200 – 1400 AZN) miqdarda cərimə - və ya iki ilədək müddətə islah işləri - və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması - və ya bir ilədək (1 ilədək) müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
"Bu məsələ ilə əlaqədar kifayət qədər böyük məsuliyyət nəzərdə tutulub. Bunun üçün də heyvan saxlayan hərkəs qaydaları bilməli və onlara ciddiliklə əməl etməlidir.
Mövsümlə əlaqədar bəzən çimərliklərdə itlərin gəzdirilməsinin şahidi oluruq. Qeyd edək ki, çimərliklərdə itlərin gəzdirilməsi qadağandır və bunu edənlər ən yaxşı halda 200 AZN cərimə olunacaqlar" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə