Restoran və kafelərin səs-küyünü necə kəsmək olar? - QURUMDAN AÇIQLAMA

Açıq tipli kafe, restoranların səhərədək səsucaldanlarla ətrafa yaydığı musiqi səs-küyü ətrafdakıları bezdirib. Bakı gecələrinin əsas problemlərindən biri də səs-küydür. Kafelərdən, restoranlardan, şadlıq saraylarında, istirahət mərkəzlərindən ətrafa yayılan səs-küy şəhər sakinlərinin yuxusuna haram qatır.

Binaların birinci mərtəbəsində olan kafelər və restoranlardan gələn səslər sakinləri narahat edir. Musiqiyə qarışan qışqırıq, bağırtı belə məclislərin keçirildiyi yerlərin qonşuluğunda yaşayanların həyatlarını xoş etmir. Pəncərəni açmaq mümkün deyil. Açanda da səs-küydən oturmaq mümkün deyil. Restoran və kafelərin səs-küyünü necə kəsmək olar? SİA məsələ ilə bağlı DİN-ə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, polis əməkdaşları tərəfindən məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilir: "Qeyd edim ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tənzimlənir. Belə ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 12-dən səhər 7-yədək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslərə 150 manatdan-200 manatadək məbləğdə, vəzifəli şəxslərə 2000 manatdan 2500 manatadək məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilə bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə