Ramazan ayında kimlər oruc tuta bilməz? - DİN XADİMİ AÇIQLADI

"Ramazan ayında kəskin xəstəliyi olan şəxslər oruc tuta bilməzlər. Hətta bəzi islam alimlərinə görə, həmin şəxslər oruc tutsalar belə bu orucun qəzasını tutmalıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov bildirib.

Onun sözlərinə görə, səfər zamanı bir neçə şərtə əməl etmək lazımdır: "Bu şərt çox önəmlidir və bu şərt nəzərə alınmasa çox sui-istifadələr ola bilər. Şərt bundan ibarətdir ki, orucun təsir edə biləcəyi xəstəliyə sahib olan insan oruc tuta bilməz. Misal üçün deyə bilərik ki, həkim xəstəyə oruc tutmamağın səhhəti üçün yaxşı olmadığını deyib. Yəni gün boyu ac qaldığı zaman xəstəlik daha da şiddətlənəcək. Yaxud da sağalma prosesi uzana bilər, ya da ölüm təhlükəsi ilə qarşılaşacaq. Bu cür xəstələr oruc tutmamalıdır. Amma diskomforta görə orucdan imtina etmək haramdır. Yəni mən xəstəyəm oruc tuta bilmərəm deyib oruc tutmamaq günahdır. Əgər ağız boşluğundan bir şey daxil olmayacaqsa oruc tuta bilərlər. Kiminsə ayağı əzilibsə iynə vurdurması, sistem vurdurması oruc tutmağa mane deyil. Digər tərəfdən isə xəstə həqiqətən də oruc tutmağın ona pis təsir edəcəyini hiss edirsə bu şəxslər oruc tuta bilməz".

Din xadimi qeyd edib ki, digər tərəfdən qocalar da oruc tutmaya bilər: "Amma həqiqətən də oruc tuta bilməyən qocalara, yaşı 80-i ötən qocalara aiddir. Yəni mən qocayam, oruc tuta bilmirəm deyən qocalara aid deyil. Əgər bir insan səfərə çıxırsa oruc tutmaya bilər, amma bunun da 2 şərti var. Birincisi səfər 21 km-dən artıq olmalıdır. Digəri isə odur ki, həmin şəxsin işi səfərlə bağlı olmasın. Yəni taksi, tır sürücüsüdürsə bu şəxslər oruc tuta bilər.

Həddibuluğa çatmamış uşaqlar oruc tuta bilməz. Hicri Qəməri təqvimə əsasən 15 yaşdan yuxarı oğlanlar və 9 yaşdan yuxarı qızlar oruc tuta bilərlər. Bəzi xanımlar 9 yaşında çox zəif olurlar. Alimlər qeyd edirlər ki, nə zaman fiziki sağlamlıqları oruc tutmağa imkan verərsə, o zaman oruc tuta bilərlər. Xanımların bəzi xüsusi günləri olduğu zaman onlar oruc tuta bilməzlər. Hər hansı bir şəxs əgər haram səfərə gedirsə o zaman bu səfər hesab edilmir. Yəni içki ziyafətinə gedirsə, rüşvət almağa gedirsə bu səfər sayılmır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə