Sevgililər günü- 14 fevral, yoxsa 30 iyun? - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

“Əgər biz məsələyə öz milli-mənəvi dəyərlər aspektindən baxırıqsa, “Sevgililər günü” kimi 30 iyunu daha məqbul hesab etmək olar. Lakin məsələyə ümumi mədəniyyət kontekstindən nəzər yetirsək, fərqli cür düşünə bilərik. Çünki Azərbaycan mədəniyyəti özündə həm Qərb, həm Şərq, həm də bütünlüklə islami dəyərlərini əks etdirir. Bu, Azərbaycan mədəniyyətinin unikallığından irəli gəlir. Ona görə də Azərbaycan vətəndaşlarının 14 fevrala daha müsbət yanaşan vətəndaşlarımızın mövqeyini də başa düşməliyik. Ola bilsin ki, onlar modernist düşüncədədirlər və 14 fevralı əlamətdar gün kimi qeyd etməyi məqbul hesab edirlər”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, əks mövqedə duran vətəndaşlar da var: “Onların da mövqeyi başadüşüləndir. Həmin qrup insanlar daha çox öz milli-mənəvi dəyərlərinə bağlıdır.

Bu məsələyə subyektiv fikrim isə ondan ibarətdir ki, biz bir cəmiyyət olaraq hər sahədə mütəxəssis olmalı və öz dəyərlərimizə sadiq qalaraq əlamətdar günlər müəyyənləşdirməliyik. Zəif olduğumuz halda biz mütləq xarici ölkələrin önəm verdiyi dəyərləri bu və ya digər formada qəbul etmək məcburiyyətində qalacağıq. Çünki dünyada gedən tendensiya əsasən, Qərb dəyərlərinin dominantlığı üzərində qurulub”.

“Təbii ki, “Sevgililər günü”nün 14 fevralda qeyd olunmasına qarşı konkret radikal bir mövqeyi dəstəkləmirəm. İndiki gəncləri də əlamətdar günlərə münasibətdə azad seçim qarşısında qoymaq lazımdır. Lakin zaman-zaman gənc nəsilə 30 iyunun 14 fevraldan daha əhəmiyyətli olduğunu aşılamalıyıq. Çox istərdim ki, tariximizdə hər zaman azərbaycanlılar üçün önəm kəsb edən hadisələr əlamətdar günlər kimi təqvimimizdə yer alsın. Ümid edirəm ki, cəmiyyət olaraq bir gün buna nail olacağıq”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə