Wi-Fi şəbəkə sistemi ləğv olunur? - DİQQƏT! - QURUM RƏSMİSİ

"Ölkədə kibergigiyena, yəni ümumi minimal təhlükəsizlik qaydaları istifadəçilər arasında geniş təbliğ olunmalıdır. Kibergigiyena daxilində ümumi şəbəkələrdən istifadənin məhdudlaşdırılması məsələsi çox mühüm hallardan biri olmalıdır. Restoranlar, kafelər, ümumilikdə ictimai yerlərdə olan pulsuz Wi-Fi şəbəkələrinə qoşulub istifadə etmək təhlükəlidir. Sadə insanlar həmin şəbəkəyə necə qoşulursa, hakerlər də o şəkildə şəbəkəyə qoşularaq asanlıqla telefon və ya digər elektron cihazınıza daxil ola, öz mənfur işlərini görə bilər. Mən ictimai yerlərdə olan ümumi internet şəbəkələrindən istifadə etmirəm. Çünki ümumi internet şəbəkələrindən yaranan təhlükə çox vacib məsələlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu"nun icraçı dirketoru Fərid Kazımov deyib.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün sadəcə olaraq ümumi şəbəkələrdən istifadə məsələsini məhdudlaşdırmaq lazımdır: "Əlbəttə düşünə bilərsiniz ki, mobil internet paketləri heç də ucuz deyil. İctimai iaşə obyektlərində ya ucuz, o cümlədən, pulsuz internetdən, ya da daha artıq pul xərcləyərək öz təhlükəsizliyini təmin etmək məqsədilə mobil internetdən istifadə etməlidirlər".

F.Kazımov sözlərinə davam edərək bildirib ki, ikinci bir vacib məsələ insanların evdə quraşdırdıqları Wi-Fi şəbəkəsinə çox bəsit şifrələr qoymasıdır: "Bu şifrələri qırmaq da hakerlər üçün çox çətin olmur. Bu nöqteyi-nəzərdən şifrələr daha mürəkkəb olmalıdır. Yaxşı olardı ki, insanlar Wi-Fi şəbəkələrinin şifrələrini mütəmadi olaraq dəyişdirsinlər. Hətta məsləhət görərdim ki, istifadə edilən poçtların, sosial şəbəkələrin şifrəsi də mütəmadi olaraq dəyişdirilsin. İnsanlar başa düşməlidir ki, hakerlərin virtual şəkildə onların resurslarına daxil olub nəsə əldə etməsi, evlərinə daxil olub oğurluq etməsindən daha asandır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə