Pedofiliya xəstəlikdir, yoxsa cinayət? - ARAŞDIRMA

Son dövrlər uşaqlara qarşı seksual zorakılıq hallarının artması ciddi narahatlıq doğurur. Seksual zorakılıq müxtəlif formalarda ola bilər. Məsələn, hətta internetdə azyaşlıların təqib edilməsi də seksual zorakılıq hesab edilir. Xarici ölkələrdə bu cür xoşagəlməz hallar daha çox yayılıb. Təəssüf ki, ölkəmizdə də pedofilya faktlarına rast gəlmək mümkündür. Azərbaycan uşaqların seksual istismardan və nalayiq seksual hərəkətlərdən müdafiəsi haqqında Avropa Şurası Konvensiyasını ratifikasiya edən dövlətlərdən biridir. Buna baxmayaraq, ölkədə uşaqlara qarşı seksual zorakılıq halları qeydə alınır. Belə hadisələrin təkrarlanmaması üçün çıxış yolları barədə müzakirələr aparılır, müxtəlif təkliflər səsləndirilir. Bəs, niyə hələ də pedofiliyanın qarşısı alınmır? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Uşaqların cinsi istismarı (pedofiliya) dünyada insan haqlarının çox ağır pozuntularından biridir. Müxtəlif araşdırmalara görə, pedofillik daha çox kişilərdə müşahidə olunur, az hallarda qadınlarda rast gəlinir. Ancaq pedofillikdə cinsiyyət ayrımı yoxdur. Bütün dünyada ən ağır cinayətlərdən biri hesab olunan pedofiliyanın qurbanlarına çevrilmiş uşaqlar, psixoloji dəstək almasalar, yetkinlik yaşına çatanda onlarda ciddi problemlər üzə çıxa bilər.

Pedofillər kimdir?

Pedofillər cinsi yetişkənlik dövrünə qədəm qoymayan və hər hansı seksual məlumatı olmayan, seksual hərəkətlərin yol verilməsi qanun və cəmiyyətdə qadağan olunan yaş həddində - 0 – 13 yaş arası uşaqlara cinsi istək duyan və fürsət düşən kimi bu tələbatı müxtəlif yollarla ödəməyə çalışan adamlardır.
Uşaqlara cinsi istək və təcavüz o qədər ağır və tabu olan mövzudur ki, bu barədə elmi araşdırmalar da azdır. Amma kanadalı psixiatr Malo qeyd edib ki, Yer üzündəki bütün kişilərin 1%-i açıq və ya gizli pedofildir.
Pedofillər 2 qrupa bölünür: psixiatriyada bunlara procontact – yəni canlı uşaqlarla kontakta girən və noncontact – canlı uşağa yaxın getməyənlər adı verilib.
Əslində, valideyn gözü ilə baxdıqda, uşaqlarla kontakta girən tiplər daha qorxuludur.
Belə insanları ilk baxışdan ayırd etmək praktiki olaraq mümkün deyil. Amma bu günə qədər qeydə alınmış faktların statistikası göstərir ki, 10 hadisədən 3-4-ü uşağın ailəsinə yaxın insanlar, qohumlar və ailəni tanıyan insanlar tərəfindən törədilir.

Pedofiliyanın psixoloji səbəbləri nədir?

Bu barədə psixoloq Fidan Nizamova öz fikirlərini bizimlə bölüşüb. O bildirib ki, pedofillər uşaqlara qarşı cinsi maraq, ehtiras və zorakılığa meyilli olan insanlara deyilir: “Statistika göstərir ki, pedofillər, əsasən, kişilər olur. Onlar üçün həm qız, həm də oğlan uşaqları qurban ola bilər. Pedofiliyadan əziyyət çəkən insanların əksəriyyəti uşaq yaşlarında cinsi zorakılığa məruz qalmış insanlar olurlar. Bugünkü gündə pedofilizm daha çox psixoloji pozğunluq kimi deyil, cinayət kimi dəyərləndirilir.

Belə insanlar uşaqlar olan yerlərdə olmağa meyilli olurlar. Onlar əyləncə mərkəzlərində, bağçada və ya məktəbdə idman müəllimi kimi işləməyə çalışırlar ki, uşaqlarla sıx təmasda olsunlar. Təbii ki, orada işləyənlərin hamısını pedofil adlandırmaq olmaz. Bəzən düşünürük ki, filankəs uşaqsevən adamdır. Amma buna diqqətli yanaşmalıyıq. Çünki uşaq sevmək onunla şəxsi sərhədləri pozmaq mənasına gəlmir. Pedofiliyaya meyilli insanlar uşaqlara həddən artıq çox toxunurlar, onlarla tək qalmaq istəyirlər.

Hər zaman bunu qeyd edirəm ki, uşaqlara, ümumiyyətlə insanlara qarşı seksual xarakterli təzyiqlər əksər hallarda tanıdığımız və qohum şəxslər tərəfindən olur.

Tam olaraq pedofiliyanın necə yarandığı elmə məlum olmasa da, öz təsdiqini tapmış müxtəlif versiyalar var. Bunlardan biri yuxarıda qeyd etdiyimiz kimi, öz yaşadığı cinsi zorakılıq səbəbi ola bilər. Valideynlərə, həmçinin uşaqların özlərinə də bu mövzuda çox diqqətli olmağı tövsiyə edirəm. Hər kəs istər mənəvi, istərsə də fiziki baxımdan şəxsi sərhədlərini tanımalıdır".

Yolda, məktəb ətrafında, yaxınlar arasında pedofili necə tanımalı?

Britaniyalı mütəxəssislər bildirir ki, əgər gənc və ya orta yaşlı kişidə aşağıdakı əlamət və davranışlar varsa, ondan ehtiyat etmək lazımdır:

- Uşağa səbəbsiz yerə hədiyyələr, pul verir, onun ürəyindən keçənləri öyrənir və sonra onları alır;

- Uşaq vanna və tualetdə olarkən, tez-tez ora girir;

- Yaxınlarına israrla uşağı onun yanında qoyub getmələrini istəyir, bildirir ki, guya, uşağa baxacaq;

- Guya, təsadüfən uşağın intim orqanlarına toxunur, sığallayır;

- Əgər müəllimdirsə, uşaqlar arasından birini qurban kimi seçir, onunla xüsusi davranır, onu tərifləyir;

- Uşaqlara intim suallar verir: kimi sevirsən, intim orqanının adı nədir, kimisə öpmüsənmi?

- Uşaqla fiziki təmasda çox olur: öpmək, qucaqlamaq, dizi üstündə oturtmaq, yatırmaq, qıdıqlamaq, sığallamaq, bədənini cimdikləmək - əslində, bu hərəkətlər sevgi göstəricisi də ola bilər. Amma alimlər yad bir kişinin, oğlanın yerli-yersiz və çox sayda bu hərəkətləri etdiyini seksual təcavüz formalarına daxil edir;

- Uşaqla qapalı otağa çəkilir, guya söhbət edir, oynayır, kimsə qapını döymədən içəri girəndə özünü itirir, acıqlanır;

- Uşaqlarla, yeniyetmələrlə söhbətdə yetkin insanlara məxsus seksual sözlərdən, leksikondan istifadə edir.

Uşaqla kontakta girib, fiziki həzzi canlı yaşamaq istəyən pedofillər uşağı və ailəsini aylarla, bəzən illərlə özünə alışdırır, onları öyrənir, qurbanı az qala doğulandan tanıyır.

Sonra nə baş verir: bütün bu oyunlar 2 ssenari ilə davam edir: ya birbaşa hücum – təcavüz, intim əlaqə baş verir və ya uşağı özündən asılı vəziyyətə salaraq özünə bağlayır. Uşaq sanki könüllü olaraq onun xidmətində durur, ya pedofili sevir, ya utanır, ya da qorxur. Ona görə təcavüzə məruz qalması barədə susur.

Sosioloq Asif Bayramov da mövzu ilə bağlı düşüncələrini ifadə edib: “Azərbaycan cəmiyyətini zombiləşdirməyə, yəni onu milli ideya və milli ideallardan məhrum olmuş bioloji sürüyə çevirmək ssenarilərini işə salıblar. Bu planın həyata keçirilməsi üçün, ilk növbədə, Azərbaycan cəmiyyətini ayaqda saxlayan, onu diri tutan mənəvi dəyərləri, mənəvi sütunları yıxmaq, onları məhv etmək həmin mərkəzlər üçün prioritet vəzifədir. Azərbaycan cəmiyyəti bu mənada ideoloji bombardmana məruz qalmış və özünü qorumaq üçün bütün ideoloji-mənəvi, sosial-siyasi resurslarını hücuma qarşı səfərbərliyə cəlb etmək məcburiyyətində qalmış toplumdur. Azərbaycanda bir sosial kateqoriya kimi istər pedofillərin, istər cinsi azlıqların, istərsə mənəvi baxımdan zərərli olan digər qrupların artması təbii proses deyil, bu, kənardan, antiAzərbaycan mərkəzləri tərəfindən idarə olunan, körüklənən və əsasən gizlin aparılan prosesdir. Məqsəd xalqımızın əsrlər boyu formalaşdırdığı mənəvi dəyərləri, ilk növbədə, ailə institutunu dağıtmaq, məhv etmək, ağsaqqallıq və ağbirçəklik institutunu sıradan çıxarmaq, böyüyə, kiçiyə hörmət, xəstə və əlil olana diqqət və qayğı hissini, şüurunu onun əlindən almaq, beləliklə, cəmiyyətimizi şəbəkə kimi xarici zərərli təsirlərdən qoruyan həmin zirehi parçalamaq, onu yararsız hala gətirməkdir. Təbii ki, həmin mərkəzlər məqsədlərinə nail olarsa, Azərbaycan cəmiyyəti onlar üçün bioloji sürüyə çevirilmiş olar, yəni zombiləşər, milli ideallardan məhrum olan bir insan kütləsinə dönər".

Uşağın pedofil qurbanına çevrildiyini necə anlamalı?

Bəzən valideynlərə elə gəlir ki, övladlarını hamıdan yaxşı tanıyırlar, hər dərdini gözlərindən anlayırlar. Amma təəssüf ki, təcrübədə bunun əksini görürlər.

Valideyn övladı ilə nə baş verdiyini anlamaq üçün onun seksual inkişaf mərhələləri barədə məlumatlı olmalı, hansı yaşda necə davrandığını bilməlidir.

Məsələn, 5 yaşa qədər olan uşağın böyüklərə xas cinsi əlaqə davranışını oyuncağı və ya canlı insan üzərində imitasiya etməsi, sözlərində cinsi əlaqə barədə terminlər işlətməsi. Əgər bu hallar varsa, deməli, kimsə sizin övladınıza bu barədə gizli "dərs” keçin.

Hər 4-5 qızdan biri pedofillə rastlaşır…

23 % hallarda uşaqlar üzərində seksual təcavüzü elə uşaqlar icra edir: yeniyetmələr kiçik yaşlı uşaqlar, gənclər isə yeniyetmələr üzərində.

Hazırda pedofilizmlə bağlı statistika qorxulu həddədir, belə insanların sayı hər keçən gün artır. Amerikalılar hesab edir ki, onların ərazisində hər 2 kv.m əraziyə bir pedofil düşür.

Dünya statistikasına görə, 18 yaşına kimi hər 4-5 qızdan biri pedofillə rastlaşır. Oğlanlara gəldikdə isə, onlardan hər 7-10-undan biri ömründə bir dəfə də olsa bu və ya digər şəkildə pedofillə üzləşib.

Qeyd edək ki, qaranlıq tinlərdə, küçələrdə tək gedən qızları çağırıb, cinsiyyət orqanını göstərib, seksual zorakılıq xarakterli sözlər işlədən şəxslər də ruhi xəstə yox, pedofildir. Onlar pedofilliyin artıq daha ağır dərəcəsində hesab olunur.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə