Heyvanların döyüşdürülməsi günahdır? - DİN XADİMİ AYDINLIQ GƏTİRDİ

"İslam dinində heyvanların döyüşdürülməsi qadağandır. Bu əməl günah hesab olunur. Heyvanların döyüşdürülməsindən qazanc əldə edənlər də, birmənalı olaraq, günahkardırlar. Peyğəmbərin zamanında cahiliyyə dövründə, yəni Quran nazil olmamışa qədər ərəblərdə heyvanları bir-biri ilə vuruşdurmaq adət idi. Qumar aləti kimi heyvanlardan istifadə edərdilər". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

"Hətta tarixi rəvayətlərdə var ki, Yezid Suriyanın Şam şəhərinin Kəlb məhəlləsində (it boğuşduranlar məhəlləsi adlandırılırdı) böyümüşdü. O, kiçik yaşlarından heyvanların bir-birinə necə çəng atdıqlarının, necə bir-birini qanatdıqlarının şahidi olmuşdu. Ona görə də Yezid qəddarcasına böyümüşdü",- deyə o əlavə edib.

Din xadimi sözlərinə davam edərək bildirib ki, bəzi bölgələrdə xoruz da döyüşdürənlər var: "İspaniya və bəzi başqa yerlərdə isə insanlar elə bir səhnə təşkil edirlər ki, öküzlərə qarşı amansızlıq halları baş verir. Dünya əhalisi artıq bunlara qarşı fəryad edir. Harada ki heyvanların bir-biri ilə vuruşdurulmasını görsək, buna qarşı çıxmalıyıq. Çünki dinimizdə belə hallara yol verilmir. Ondan qazanılan pul da haramdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə