Payız mövsümündə hansı qidalara üstünlük verməliyik? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Ümumiyyətlə, payız fəslində havaların anidən soyuması nəticəsində infeksion xəstəliklərə yoluxma riski artır. Bunları nəzərə alsaq, payız mövsümündə heyvan mənşəli qidalar, liflər, karbohidratlar, vitamin və minerallarla zəngin olan qida məhsullarını istehlak etmək daha məqsədəuyğundur. Məsələn, Omega-3 ilə zəngin olan balıq məhsullarını tükədə bilərik. Çünki elmi araşdırmalar nəticəsində balığın insan orqanizmini qrip və infeksiyalardan qoruduğu sübut olunub. Yəni, bizim həftəlik qida rasionumuzda mütləq şəkildə balıq olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib

Onun sözlərinə görə, qırmızı ət məhsulları və yumurtada olan dəmir və sink mineralı sayəsində immun sistemi güclənir: "Bu iki mineral immun sistemi üçün olduqca vacib elementlərdən sayılır. Allergik reaksiyalar istisna olmaqla səhər yeməyimizdə yumurta mütləq olmalıdır. Bundan əlavə, ət məhsullarından hazırlanan şorbalar istehlak edilməlidir. Ümumiyyətlə, şorba ətin öz suyunda hazırlanmalıdır ki, yüksək bioloji dəyərini itirməsin və immun sistemini gücləndirsin".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, mövsümündə yetişən meyvə-tərəvəzlərin tərkibindəki orqanizm üçün lazım olan vitamin və minerallar böyük önəm daşıyır: "Payız aylarında xüsusilə alma, armud, üzüm, nar, heyva, portağal, balqabaq, brokoli, gül kələmi və s. kimi meyvə və tərəvəzlərdən istifadə etmək, onlardan salat və ya püre hazırlamaq lazımdır.

Payız fəslində həmçinin, quru meyvələrin istehlakına diqqət etmək lazımdır. Çünki quru meyvələrin də immun sisteminin güclənməsində xüsusi rolu var. Tərkibində zülal, yağ turşuları, vitamin və minerallarla zəngin olan quru meyvələri gün ərzində bir ovuca sığacaq qədər istehlak etmək məsləhətdir. Amma bir şeyə diqqət yetirmək lazımdır ki, meyvələr quru halına gətirildikdə onların kalori dəyəri daha da çoxalır. Ona görə də quru meyvələri istehlak edən zaman miqdarına diqqət etmək məsləhətdir.

Təbii yaşıl dağ otlarından hazırlanmış çaylar içmək məsləhət görülür. Kofe, rəngli qazlı içkilər və s. immun sistemini daha da zəiflədir, mədəaltı vəz, qaraciyər xəstəliyinə səbəb ola bilir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə