"Xarıbülbül" festivalına paytaxt sakinlərinin BAXIŞI - SORĞU

9-11 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu dəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir. Bəs görək şəhər sakinləri “Xarıbülbül” festivalı ilə bağlı nə düşünür. SİA mövzu ilə əlaqədar şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Əziz Məmmədov: "Ölkəmizdə belə önəmli tədbirlərin, festivalların keçirilməsi çox yaxşıdır. Azərbaycanın dünyaya tanıdılmasında belə beynəlxalq tədbirlərin də rolu var. Məncə, dövlət başçımızın da elə dünənki əhəmiyyətli gündə də Şuşada olmağı bütün dünyaya bir mesaj oldu. Əminik ki, gələcəkdə belə tədbirlərin sayı çoxalacaq və Azərbaycan xalqı indiki kimi qürur hissi ilə orada iştirak edəcək".

Şəhər sakini Mina Quluzadə: "Artıq üç ildir ki, Şuşada "Xarıbülbül" festivalı keçirilir. Şükür bu günləri də görmək qismət oldu. Allah şəhidlərimizə rəhmət etsin. Əgər indi Şuşa bizdədirsə, orada belə festivallar keçirə biliriksə, bütün bunlar onların sayəsində olub. Təbii ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsini könüldən dəstəkləyirəm".

Şəhər sakini Azər Hüseynov: "Düşünürəm ki, belə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ölkəmizin inkişafı üçün çox vacibdir. Azərbaycanımız günü-gündən inkişaf edir, hər şeyi ilə diqqətləri üzərinə toplayır. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Hər birimiz belə dövlətin vətəndaşı olduğumuz üçün fəxr etməliyik".

Şəhər sakini Zərəngiz Almirova: "Əhəmiyyətli günlər artıq bir-birinə qarışıb: Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, "Xarıbülbül" festivalı, Əfv Sərəncamının verilməsi və s. Bir neçə il öncə biz may ayında Şuşanın işğal gününü hüznlə anırdıqsa, indi Şuşada beynəlxalq festival keçiririk. Bu böyük bir irəliləyişdir. Dünya da bunun fərqindədir. Biz də gərək əlimizdə olanın dəyərini bilək".

Şəhər sakini Afdandil Həsənov: "Gözəl Şuşamızda inkişafın olduğunu görmək hər birimizi məmnun edir. Ölkəmiz, o cümlədən, işğaldan azad olunmuş ərazilərimiz getdilcə daha da gözəlləşir. Azərbaycan Prezidenti bunun üçün əlindən gələni edir. Ona dərin minnətdarlığımı bildirirəm. Allahın izni ilə Şuşada daha da önəmli tədbirlər keçirək".

Şəhər sakini Zeynəb Həsənəliyev: “Xarıbülbül” festivalı Azərbaycanın qələbəsinin göstəricisidir. Şuşanı geri aldıqdan sonra belə bir tədbirin qeyd olunması çox gözəl hadisədir. Dövlət başçımızın səyləri nəticəsində ölkəmiz daha da inkişaf edir. Çox sevinirik ki, ölkədə maraqlı festivallar, beynəlxalq səviyyəli tədbirlər həyata keçirilir. Bütün bunlar Azərbaycanı dünyaya tanıdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə