Ramazan ayı ilə bağlı şəhər sakinlərinin TƏƏSSÜRATLARI - SORĞU

Ramazan ayı İslam dinində ən müqəddəs ay hesab edilir. Bu ayda inanclı insanlar İslam dininin öhdəliklərdən biri oruc tutaraq Allah qarşısında öhdəliyini yerinə yetirirlər.Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Bütün dünya müsəlmanları kimi Azərbaycanda da müsəlmanlar bu ayda oruc tuturlar. SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Gülşən Şirinova: "Ramazan ayı müsəlmanlar üçün önəmli bir aydır. Elə düşünürəm ki, insan bu ayda hüzur tapır. 11 ayın sonunda öz gözəllikləri ilə həyatımıza gəlir. Oruc tutmaq, ibadət etmək hər birimizin boynunun borcudur. Uşaqlarımıza, nəvələrimizə də bunu təlqin etməliyik. Çünki yeni nəsil bu kimi ibadətlərdən çox uzaqdır. Biz böyüklər ramazanı doğru dəyərləndirməliyik ki, övladlarımız da bizi örnək götürsün".

Şəhər sakini Həmidağa Məcidov: "Hər il olduğu kimi bu il də oruc tuturam. Adi günlərdə olan gərginliyim, əsəbim indi yoxdur. Orucluq belədir. İnsanları mərhəmətə gətirir, sakitləşdirir. Məncə, insan oruc tutmaq üçün Ramazan ayını gözləməməlidir. Ürəyindən keçirsə və buna gücü-qüvvəti varsa, hər vaxt oruc tutmaq olar. İnanıram ki, Allah mükafatımızı verəcək".

Şəhər sakini Pərvanə Hüseynova: "Ramazan ayı səbrsizliklə gözlədiyim ayların başında gəlir. Çalışıram ki, hər zaman dualar oxuyum, insanlara bacardığım köməyi edim. İnsan hər zaman bunu etməlidir. Tək orucluq ayında yox. Dünya çox fanidir. İnsanlar bu gün var, sabah yoxdur. Ölümlər belə insanı təəccübləndirmir. Biz insanlar gərək yaxşılıq toplayaq. Allah imkan versin Ramazanın sonunacan oruc tutum. Çünki həqiqətən ibadət mənim üçün xoşbəxtlikdir".

Şəhər sakini İlkin Hüseynov: "Ramazan müqəddəs bir aydır. Kaş hər kəs bu ayın müqəddəsliyinin fərqinə vara bilə. Şəxsən mən orucu pəhriz kimi tutanları qınayıram. Onda o tutulan orucun nə savabı qalır ki? Əksinə ibadətlərini heç edirlər. Belə şeylər diqqət edilməli, ümumiyyətlə, ibadətlərlə bağlı maarifləndirici proqramların sayı artmalıdır. Hər pis vərdişi, bədbəxt hadisəni kütləvi informasiya vasitələrində yaya bilirlərsə, Ramazanla, orucluqla bağlı informasiyaları da genişləndirsinlər".

Şəhər sakini Çinarə Qədirova: "Oruc tutmaq həm ibadət, həm də sağlamlıqdır. Ramazanda biz nəfsimizə hakim olmağı öyrənirik. Nəinki mədəmizlə, eyni zamanda, gözümüzlə, qulağımızla da oruc tutmalıyıq. İnsan orucu Allah-təala üçün tutur. Əgər mükafatını almaq istəyirsə, gərək ibadətini doğru şəkildə yerinə yetirsin".

Şəhər sakini Məmməd İsayev: “İlk öncə müsəlman xalqına dözüm və səbir arzulayıram. Allah oruc tutub, namaz qılan müsəlmanlara qüvvət versin. Amma mən bu ayda xüsusi ibadət etmirəm. Yalandan deyə bilmərəm. Özüm seyid olsam da, etmirəm. Məndə bəzi xəstəliklər var. Şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə, ibadət edə bilmirəm. İstəsəm də, oruc tuta bilmərəm. Namaz da qılmıram. Səhhətim imkan vermir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə