Heyvanlarda mövsümi parazitar xəstəliklərin əlamətləri nədir? - QURUM RƏSMİSİ DANIŞDI

“Ümumiyyətlə, respublikamızda heyvanlar arasında 480 növə qədər parazitar xəstəliklər var. Bunların içində daha geniş yayılanı teyleriozdur. Teylerioz xəstəliyi respublikamızın əksər rayonlarında yayılmaqdadır. Amma dağlıq zonalarda bu xəstəlik nisbətən zəif yayılır. Çünki teyleriozun törədicisi gənələrdir və aran zonasına görə dağlıq ərazilərdə gənələr daha az inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat institutunun direktor müavini Səhman Bayramov deyib.

Onun sözlərinə görə, teylerioz xəstəliyinin kliniki gedişatında ən böyük problem gənələrin heyvanların üzərinə yığılıb dişləməsidir: “Gənələr həmin xəstəliyin daşıyıcısı olan teyleriyaları öz tüpürcəklərində daşıyır. Bildiyiniz kimi, gənələr qanla qidalanır. Onlar heyvanı dişlədikdə ağzından şirə ifraz edərək dərini yumşaldır. Bu zaman heyvanın dərisinə tərkibində parazit olan maye buraxır. Bu da heyvanlarda teylerioz parazitar xəstəliyinin yaranmasına gətirib çıxarır. Deməli, bu xəstəliyin əlamətləri ilk növbədə qəbizlikdir. Eyni zamanda, bu xəstəliyə yoluxmuş heyvanların limfa düyünlərində müxtəlif ölçülü şişlər əmələ gəlir”.

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, xəstəliyin gedişatından asılı olaraq həmin şişlər ağrı verir: “Bundan əlavə, heyvanların pırpızlaşması, tüklərin sığalının itməsi, kalın tündləşməsi, sidikdə qanın olması, limfa düyünlərinin qanla dolu olması da bu xəstəliyin görünən kliniki əlamətləridir. Teylerioz xəstəliyi əsasən iribuynuzlu heyvanlarda rast gəlinir. Xəstəliyə mütləq şəkildə laboratoriya şəraitində diaqnoz qoyulmalıdır. Çünki bu xəstəliyin ilk 5 günü törədicinin kliniki əlamətləri bir o qədər də büruzə vermir. Ona görə də müəyyənləşdirmək çox çətin olur.

Bu xəstəliklə qarşılaşan fermerlər ilk növbədə baytar həkimə müraciət etməlidir. Çünki bu, asan müalicə olunan bir xəstəlik deyil. Diaqnoz qoyulduqdan sonra həmin xəstəliyə qarşı mübarizə tədbiri həyata keçirilməlidir. Bu prosesdə diminazin tərkibli preparatdan istifadə olunması daha məqsədəuyğundur. Çünki həmin parazitlər bu preparatın təsirinə uyğunlaşa bilmir. Bununla yanaşı, heyvanın ümumi vəziyyətindən, orqanizmin immunitet səviyəsindən asılı olaraq həmin parazitlərə qarşı aparılan müalicə ilə bərabər simptomatik müalicələr aparılmalıdır. Yəni, antibiotiklərdən, kofeindən, işləyici duzlardan, vitaminlərdən istifadə edərək heyvanın müqavimətini artırmaq lazımdır ki, xəstəliklə mübarizə apara bilsin”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə