"Musiqinin axirət dünyası ilə heç bir əlaqəsi yoxdur" - DİN XADİMİ DANIŞDI

“Konkret olaraq belə bir qayda yoxdur ki, məzarlığın, məscidin yanından keçəndə musiqiyə qulaq asmaq olmaz. Bəzi insanlar heç fikir vermir ki, məscidin ya da məzarlığın önündən keçir. Amma bu əmələ riayət edənlər də az deyil”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.

Onun sözlərinə görə, məzarlığın önündən keçəndə musiqini söndürmək, gülməmək ehtirama xatir olan bir şeydir: “İndiyə qədər heç vaxt eşidilməyib və ya görülməyib ki, kimsə məzarlıqda, məsciddə musiqiyə qulaq assın. Bu o deməkdir ki, musiqi elə yerlərlə tam olaraq ziddir. Onu da qeyd edim ki, musiqi bu dünyaya aid olan bir şeydir. Musiqinin axirət dünyası ilə heç bir əlaqəsi yoxdur. Məzarlıqda və ya məsciddə Allah kəlamı tilavat olunduğu üçün yalnız ona üstünlük verilir. Musiqinin dayandırılması bir növ həmin yerə ehtiramı göstərir. Ehtiram əlaməti olaraq insanlar musiqini dayandırıb fatihə surəsi oxuyur, salavat deyir. Yəni, biz bunu Allaha xatir edirik. Bu mövzuda heç bir qətiyyət yoxdur. Qəti şəkildə musiqiyə qulaq asmaq olmaz deyə bir şey yoxdur”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə