YAP Pirallahı rayon təşkilatı şəhid ailələrini bayram münasibətilə ziyarət edib - FOTOLAR

16 mart 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini Məcid Əhmədov, təşkilatın əməkdaşı Vüqar Nəsirov və Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov ənənəvi olaraq Novruz bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin-Babayev Vüsal Sübbuh oğlu, Kazımov Ruslan Mustafa oğlu ailələrini ziyarət ediblər. SİA xəbər verir ki, YAP Pirallahı rayon təşkilatı sədr müavini Məcid Əhmədov şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və əmin-amanlıq arzulayıb. O qeyd edib ki, Azərbaycan tarixində Novruz bayramı yaşına, yaşam gücünə görə ilk sırada duran mədəniyyət abidəsidir. Bu bayram nəsildən nəsilə ötürülüb və hal hazırda Azərbaycanda böyük təntənəli şəkildə qeyd olunur. Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin bəşəri ideyalarının sadiq davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını sevimli xalqı ilə bir yerdə keçirməkdədir. Ölkə rəhbərinin prezidentlik fəaliyyətinin hər ili zəngin nailiyyətlərlə doludur.

Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov şəhid ailələrinə dərin hüznlə başsağlığı verərək, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. O vurğuladı ki, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələri və müharibə əlilləri də dövlət qayğısı ilə əhatə olunub.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə