Ramazan ayında kimlər oruc tuta bilməz? - QURUM RƏSMİSİ AÇIQLADI

"Ramazana çox az bir müddət qalıb. Ramazan ayı dualar ayıdır, çox mübarək və həzirətli bir aydır. Ramazan ayında insanlar tənbəllik etməməlidir. Sağlam insanlar mütləq Allaha xatir oruc tutmalıdır. Allah-təala bu ayda rəhmət qapılarını açar və bəndələrini səsləyər. Yəni, Ramazan ayında dua etməli, ibadətlə məşğul olmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bu ayda bacarılan qədər səbrli olmaq lazımdır: "Ətrafdakı insanlara qarşı diqqətli olmalıyıq. İmkanı olan insanlar ehsan paylaya bilərlər. Hərə öz gücü və imkanı müqabilində ehtiyacı olanlara yardım etməlidir.

Ramazanda şeytan zəncirlənir. Yəni, nəfsi istəklər buxovlanır və bacardığı qədər ibadətlə məşğul olur. Xəstələrə baş çəkmək, yaxınları olan yaşlıları, böyükləri axtarmaq, yaxşı işlərlə məşğul olmaq Allah tərəfindən bəyənilən bir əməldir və çox böyük savabları var".

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, bunlarla yanaşı, müəyyən insanlar bu ayda oruc tuta bilməz: "Hamilə qadınlar, xəstə yaşlı insanlar bu sıraya daxildir. Əgər imkanları varsa, həmin insanlar hər bir gün üçün fidyə versinlər. Ramazanın sonunda fitr bayramı ərəfələrində bu yardımı etsə, boynundan onun kəfarəsi götürülmüş olar. Yoxsullara əl tutmaq böyük savabdır. Amma maddi durumu əl verməyən insanlar üçün bu bir şərt deyil. İmkanı olmayan insanlar oruc tuta bilmirsə, dualar edər, namazını çoxaldar.

Oruc tutmaq təbii ki, həddi-buluğa çatmış insanlar üçün haqdır. 9 yaşdan yuxarı qızlar, 15 yaşında oğlanlar həddi-buluğa çatmış sayılır. Amma diqqətli olmaq lazımdır. Orqanizm oruc tutmağa imkan verməlidir. Bununla belə heç bir uşağı da oruc tutmağa məcbur etmək olmaz. Uşaqlarımızı, nəvələrimizi oruc tutmağa həvəsləndirməliyik.

Müəyyən xəstələr var ki, onların mütləq qidalanması lazımdır. Həmin xəstələrə ac qalmağa həkimlər icazə vermir. Əgər gün ərzində mütləq şəkildə dərman qəbul edən xəstələrə oruc tutmaq vacib sayılmır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə