Ailədaxili cinayətlər niyə artıb? - EKSPERT AÇIQLADI

“Son vaxtlar Azərbaycanın ailə dəyərlərinin aşınmaya məruz qalması, eyni zamanda ailədaxili sosial-məişət münasibətlərinin pozulması halları ilə tez-tez rastlaşırıq. Bunun da nəticəsində kriminal hadisələrin sayı dayanmadan artır. Əgər əvvəllər ailəxarici kriminal hadisələrin şahidi olurduqsa, indi artıq ailədaxili cinayətlər, şiddət halları da artıb. Bütün bunlar Azərbaycan ictimaiyyətini, ziyalılarını düşündürür”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, sosial-ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, ötən gün paytaxt ərazisində oğulun anasını ağacla döyməsi hadisəsi də böyük ictimai etirazlara səbəb olub: “Bundan illər öncə yalnız gəlin-qaynana, kürəkən-qayın münaqişələri yaşanırdısa, bugünkü gündə bacı-qardaş, ana-oğul, ər-arvad arasında cinayətə gətirib çıxaran münaqişələr yaşanır. Buna qarşı bir neçə metod var ki, dünyada artıq istifadə olunub”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bunlardan birincisi, klassik ənənələrin dirçəldilməsi yaxud mühafizəkar ailə münasibətlərinin təbliğ edilməsidir: “Amma bunun da mənfi tərəfləri var, hansı ki qonşu İran dövlətində bunları müşahidə edirik. İkincisi, modern Avropa sivil dəyərlərinin milli dəyərlərlə sintezidir. Bunu biz Türkiyə, İsrail və Şərqi Avropanın bir çox ölkələrində görə bilərik. Həmçinin, təhsilin inkişafı, elmə xüsusi dəyər verilməsi, müxtəlif estetik texnologiyaların məişət həyatında tətbiq edilməsi, kitaba, teatra, kinoya vaxt ayrılması da bu cür halların qarşısını almağa kömək edir. Azərbaycanda da biz bunları təbliğ edə, müxtəlif sivil münasibətlərin genişlənməsinə şərait yarada bilsək, belə hallar tezliklə aradan qaldırıla bilər. Amma istənilən halda, bu konfliktlər valideyn-övlad münasibətlərindəki boşluqlardan da qaynaqlanır. Bu boşluqları hələki biz heçnə ilə doldura bilmirik. Çünki nə Avropa cəmiyyəti Şərq ölkələri kimi islami mental dəyərlərlə yaşamaq istəyir, nə də Qərbi Avropa ölkələrində olduğu kimi sivil, çağdaş dəyərlərə üstünlük verir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə