Uşaqlar bu qidaları MÜTLƏQ QƏBUL ETMƏLİDİR - MÜTƏXƏSSİS AÇIQLADI

"İmmuniteti zəif olan uşaqlar infeksiyaya daha tez yoluxurlar. XXI əsrdə çox qlobal problemlər baş verir və bu, bütün dünyanı əhatə edir. Bu problemlərdən biri də valideynlərin məsuliyyətsizliyidir. Bu məsuliyyətsizlik ucbatından uşaqlar da zərər görürlər". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, valideynlərin uşaqların qidalanmasına nəzarət etməməsi, pediatrlarla sıx əlaqədə olmaması böyük bir problemdir: "Sosial şəbəkələrdə vaxt keçirən valideynlərin sayı uşaqlarına ciddi nəzarət edən valideynlərin sayından daha çoxdur. Uşaqlar mövsümü meyvələrin və tərəvəzlərin püreləriylə qidalanmalıdır. Bu meyvə-tərəvəzlərin lifləri uşaqların həzm sistemini yaxşılaşdırır, həmçinin tərkibində olan piqmentlərin və mikroelementlərin sayəsində onların immun sistemi güclənir və bərpa olunur. Lakin günümüzdə valideynlər özləri övladlarına qazlı içkilər təklif edirlər. Bu, valideynlə uşaq arasındakı yaxşı münasibəti göstərmir".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, valideynlər qazlı suyun uşağa xeyli ziyanı olduğunu düşünmürlər: "Onu içməkdənsə, diri su içmək lazımdır. Uşaqlara mütəmadi şəkildə süzülmüş su, meyvə və tərəvəz şirələri verilməlidir. Eyni zamanda, uşaqların qidalanmasında tam buğda unundan hazırlanmış çörək, qırmızı ət məhsulları, balıq, toyuq kimi məhsullar olmalıdır. Bu cür heyvan mənşəli yeməklər mütləq şəkildə heyvan mənşəli yağlarda bişirilməlidir. Trans yağda bişən yeməklər uşaqlar üçün birmənalı olaraq faydasız sayılır və onların immun sistemini zəiflədir. İstər ət məhsulları, istərsə də meyvə-tərəvəzlər yerli məhsullar olmalıdır. Bunlar orqanizm üçün daha çox faydalıdır.

İnfeksion xəstəliklərin yayılmasının əsas səbəblərindən biri də xəstə insanların maska taxmamasıdır. İctimai yerlərdə xəstəlik daşıyıcılarının maska taxması mütləqdir.

Bir sözlə, valideynlər uşaqlarına ciddi nəzarət etməlidir. Uşaqlara göyərtilər, ağartı məhsulları verilməlidir. Bunlar hamısı şərtdir və qida rasionuna mütləq əlavə olunmalıdır. Süni qidalardan uzaq durmaq lazımdır. Pediatrlarla məsləhət olunaraq yumurtanın, ağartı məhsullarının və s. miqdarı bəlli edilərək uşaqların istehlakına şərait yaradılmalıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə