"440 milyon manatlıq bir vəsait ayrılması təmin olunacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamı da əhalinin rifahının qorunması sahəsində ardıcıl, sistemli tədbirlərin davamı olmaqla, eyni zamanda yalnız son beş ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb: "Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin bütün pillələri -19 pillə üzrə əməkhaqlarının artırılması təmin olunur. Bura dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Əməkhaqqı artımı 700 min işçini əhatə edir. Onlardan 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlardır. Bu əməkhaqqı artımı üçün illik 440 milyon manatlıq bir vəsait ayrılması təmin olunacaq".

Deputat sözlərinə davam edərək bildirib ki, bu il pensiya ödənişlərinə 5 milyard 907 milyon manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 milyon manat çoxdur: "Ümumilikdə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub ki, bu da 2023-cü ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir.

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq. Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq.

Pensiyaların məbləği 2022-ci il üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun indeksləşdirilərək artırılacaq. Həmçinin vətəndaşların pensiya kapitalının ötən il üzrə istehlak qiymətlərinin artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq. Ümumilikdə bu ilki yeni sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə növbəti artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar əhalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri uğurla reallaşdırır. Xüsusilə də son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün atılan zəruri və məqsədyönlü addımların əhəmiyyəti daha da artır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə