Agentliyin mövcud olan 11 regional bölməsi 14-ə çatdırılıb - AQTA

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2022-ci il tarixli Fərmanına əsasən, 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının 15 ştat vahidi və regional bölmələrinin 95 ştat vahidi artırılması nəzərdə tutulub. Həmin fərmana əsasən, 2022-ci il noyabrın 1-dən regional bölmələrin 31 ştat vahidi artırılıb". AQTA-nın mətbuat xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmçinin Agentliyin mövcud olan 11 regional bölməsi 2023-cü ilin yanvar ayından iqtisadi rayonların yeni bölgüsünə uyğun formalaşdırılaraq 14-ə çatdırılıb: "Bununla əlaqədar olaraq, işğaldan azad edilmiş əraziləri də əhatə edəcək Qarabağ və Şərqi Zəngəzur, həmçinin Mil-Muğan regional bölmələri yaradılıb. Qarabağ və Şərqi Zəngəzur regional bölmələrinin yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirlərinin görülməsi, o cümlədən həmin ərazilərə köçürüləcək əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaratmaqdan ibarətdir. Dəyişikliklərə əsasən, Bərdə rayonunda yerləşən Qarabağ regional bölməsi Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını, Zəngilan rayonunda yerləşməsi nəzərdə tutulan Şərqi Zəngəzur regional bölməsi isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edir".

Eyni zamanda bildirilib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Agentlik tərəfindən ölkəyə idxal-ixrac olunan mallara nəzarəti həyata keçirmək üçün sərhəd keçid məntəqələrinə yaxın ərazilərdə “Qida təhlükəsizliyi nəzarəti məntəqələri” qurulmaqdadır: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezident fərmanında dəyişiklik edilməsi barədə fərmanı ilə Agentliyin ştat vahidinin artırılması qida təhlükəsizliyinə nəzarət məntəqələrinin fəaliyyəti üçün tələb olunan ştatların da təmin olunmasına imkan verəcək. Eyni zamanda gələcəkdə burada beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti zonalarının yaradılması planlaşdırılır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə