USAİD-in Azərbaycan əleyhinə növbəti fırıldağı! SENSASİON FAKTLAR+İLK DƏFƏ!

ABŞ konqresi tərəfindən təsdiq olunan “2022-ci il üçün Milli Müdafiə İcra Aktına” (National Defense Authorization Act for Fiscal Year 2022) əsasən, Konqres Dövlət Departamentinə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi uğurlarla bağlı “neqativ” məlumatları əldə edərək 6 ay ərzində (yəni 2022-ci ilin iyun ayınadək) Konqresə təqdim etməyi tapşırıb və həmin “neqativ” məlumatları ABŞ tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün əsas kimi istifadə etməyi planlaşdırır!

SİA olaraq dəfələrlə Azərbaycanda rəngli inqilablar cəhdlərinin edilməsi və bütün bu cəhdlərin arxasında məhz dünya miqyaslı fırıldaqçı, “inqilablar mühəndisi” kimi tanınan Corc Sorosun olduğunu dəfələrlə (!) sübut etmişdik.

Və bizim əvvəlki araşdırmalarımızda onu da sübut etmişdik ki, Soros Azərbaycan və digər müstəqil siyasət yürüdən ölkələrdə çevrilişlər etməkdən ötrü ABŞ-ın dövlət qurumları və xüsusilə hazırda onun tam nəzarətində olan USAİD-dən maksimum şəkildə istifadə edir.

1994-cü ildə “New Republic” nəşrinin müxbiri Corc Sorosdan xahiş edir ki, o, özünün sabiq Sovet ölkələrindəki gücünü və təsirini qiymətləndirsin. Suala cavab olaraq Soros bunları deyir: “Sadəcə yazın ki, əvvəlki Sovet imperiyası indi Soros İmperiyası adlandırılır”.

Bu həyasız ünsürün məşhur ifadəsi Met Palumbonun yeni çapdan çıxan “Pərdə arxasındakı insan: Sorosun məxvi şəbəkəsi” adlı kitabından bir parçadır.

Yeri gəlmişkən, biz bu kitab haqqında məlumat vermişdik və qeyd etmişdik ki, həmin kitabda Sorosun Azərbaycanda yaratdığı şəbəkəyə də yer ayrılıb.

Şübhəsiz ki, Soros, maliyyələşdirdiyi və dəstəklədiyi Bayden iqtidarını, əslində isə elə köhnə Obama komandasını açıq və geniş miqyaslı saxtakarlıqla hakimiyyətə gətirdikdən sonra, daha dəqiq desək, qlobal xaosun yaradılması məqsədlərinə çatmaqdan ötrü onun əlində resurslar daha da genişləndi.

Əlbəttə ki, Soros birinci növbədə ABŞ dövlət departamentinin əsas xarici maliyyələşmə təsisatı, əslində isə Mərkəzi Kəşfiyyat Agentliyinin aryerqardı olan USAİD-i nəzarətə götürdü. Məhz onun birbaşa tapşırığı ilə USAİD-in rəhbərliyinə ən seçimli yetişdirməsi Samanta Pauer gətirildi.

Samanta Pauer nəinki ABŞ-da, ümumiyyətlə bütün dünyada qatı antitürk kimi tanınır. O, qondarma erməni soyqırımının ABŞ tərəfindən tanınmasının əsas lobbiçilərindən biri, hətta birincisi idi! Əbəs deyil ki, Samanta Pauer Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı 44 günlük müharibə zamanı dəfələrlə Azərbaycan xalqını, ümumilikdə isə Türk dünyasını təhqirlərə məruz qoyurdu!

Və biz Azərbaycan torpaqlarının 30 illik işğala məruz qaldığı dövrlərdəki fəaliyyətlərini də buraya əlavə etsək bu zaman adıçəkilən fərdin ermənidən artıq erməni (sözgəlişi-R.R.) olduğunu əminliklə vurğulaya bilərik.

Şübhəsiz ki, müxtəlif illərdə həm Azərbaycanda və həm də Türkiyədə (əsasən, 2016-cı il çevriliş cəhdi-R.R.) qarışıqlıq yaratmaq niyyətləri, cəhdləri puç olan sorosçu demokratlar hakimiyyətə gələn kimi, bütün əsas qlobal məsələləri kənara qoyaraq, birinci növbədə qondarma “genosidi” tanıdılar və bununla da dərhal özlərinin revanşizm və rəngli çevrilişlər siyasətlərinə sadiq qaldıqlarını isbatlamış oldular.

Xüsusilə xatırladaq ki, SİA olaraq apardığımız təməlli araşdırmalar vasitəsi ilə biz bu niyyətlərin əksəriyyətini ifşa edə bildik və ABŞ demokratlarını ən azından Azərbaycana qarşı siyasətlərində müəyyən dəyişikliklər etməyə məcbur etdik!

Misal üçün, demokratlar iqtidarı özünün Azərbaycan üzrə əsas əlaqələndiricisi kimi ilkin olaraq fərsiz Filip Rikeri təyin etmişdi. Məhz SİA-nın araşdırmaları nəticəsində məlum olmuşdu ki, Filip Riker əvvəllər əsasən Balkan ölkələrində çalışdığı zaman müxtəlif siyasi dairələrdə onun ləqəbi, yaxud ayaması “Axmaq Filip” kimi səsləndirilirdi. O, həmçinin Cozef Baydenin oğlu Xanterin Ukraynadakı korrupsiya əlaqələrindən əldə etdiyi gizli gəlirlərin gizlədilməsinə çalışırmış. Bundan əlavə, bu saxtakar diplomatın əyləncəli həyat vurğunu kimi tanındığı məlum olmuşdu.

Nəticədə (!) bu təyinat uzun sürmədi. Çox yəqin ki, məhz bizim araşdırmalarımızdan sonra, ABŞ-ın Azərbaycandakı səfirliyi Filip Rikerin ifşa olunduğunu və onun fəaliyyətinin ABŞ-ın regiondakı nüfuzuna ciddi xələl gətirdiyi barədə məlumat ötürərək, onun dərhal əvəz olunmasını xahiş etdi. Nəticədə Filip Rikeri digər amerikalı diplomat Karen Donfrid əvəz etdi.

Amma daha maraqlı proseslər USAİD-in ermənipərəst rəhbəri Samanta Pauerin ətrafında baş verdi. Belə ki, biz ciddi araşdırmalar nəticəsində müəyyən etdik ki, o, 17 aprel 2006-cı ildə efirə çıxan “Erməni soyqırımı” sənədli filmində çıxış edərək türkləri alman faşistlərinə bənzədərək antitürk xarakterli ultramillətçi və irqçi fikirlər səsləndirib.

Beləliklə, Samanta Pauerin qərəzli və açıq şəkildə milli və irqi ayrı-seçkilik baxışlarını filmin 41-42-ci, 44-45-ci, və 53-cü dəqiqələrində izləyə bilərsiniz.

https://www.imdb.com/title/tt0472044/releaseinfo?ref_=ttfc_ql_2

Maraqlı fakt odur ki, məhz bizim araşdırmalarımızdan sonra həmin film dərhal internetdə açıq yayımdan çıxarıldı və hazırda ona yalnız xüsusi vasitələrlə əldə edib baxmaq olar.

https://sia.az/az/news/politics/856893.html

Bundan başqa, o da məlum olub ki, ifşa olunduğunu və bu ifşanın onun siyasi maraqlarına zərbə vuracağını öyrənən Samanta Pauer ermənilərdən xahiş edib ki, həmin filmin yayımı dayandırılsın və yalnız müəyyən hissəsini, yəni Samanta Pauerin çıxışı olmayan hissəsi ictimailəşdirilsin. Məqsəd odur ki, Samantanın antitürklüyü ifşa olunmasın və o, vəzifəsindən istifadə edərək, bir tərəfdən ermənilərə kömək etsin, digər tərəfdən isə Azərbaycan və Türkiyədə dövlət əleyhinə fəaliyyətlərini davam etdirsin. Amma o, bir həqiqəti unudub ki, bu gün küçədə 21-ci əsrdir və onun çıxışlarını əldə etmək, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq heç də çətin proses deyil.

Əslində bu gün də məlumdur ki, Samanta Pauer davamlı olaraq erməni sevdasını gizlətmir, hətta bu gün separatçı tör-töküntülərin qaldığı Qarabağ ərazilərimizdə son nəfəslərini verən quldur rejimə vəsaitlər ayırır, orada ermənilər üçün yeni yaşayış məntəqələri tikdirir. Yəqin ki, son vaxtlar internet şəbəkələrində Xocalıda, Ağdərədə və s. separatçı tör-töküntülərinin qaldıqları ərazilərimizdə inşa edilən yeni tikililəri, çəkilən yolları müşahidə etmisiniz...

Lakin bütün bunlar öz yerində, sonrakı faktlardan məlum olub ki, bugünlərdə Samanta Pauer Azərbaycanda növbəti fırıldağa əl atıb. Beləliklə daha ətraflı izahata keçək.

Xatirinizdədirsə, Soros agenturası haqqında məlumat verərkən onun iki əsas təsisatlarından biri olan Şərq-Qərb İdarəetmə İnstitutunun (EWMI) və ya (ŞQİİ) Azərbaycandakı tam qanunsuz və şübhəli fəaliyyətləri barədə məqalə ilə çıxış etmişdik. Bütün məlumatlar ətraflı olaraq aşağıdakı yazıda qeyd olunub:

https://sesqazeti.az/news/analytics/898834.html

Həmin yazıda qeyd etdiyimiz kimi, ŞQİİ-nin əsas təsisçisi Corc Soros olduğu halda, onun icraçı rəhbəri Adrian (Andrey) Heyrik adlı biridir.

Və məhz bu səbəbdən onun haqqında rahat şəkildə hər hansı bir məlumat əldə etmək çətinlik yaradır. Lakin bu yerdə sual yaranır - yəni özünü ABŞ QHT-si kimi təqdim edən və guya insan haqları sahəsində fəaliyyət göstərən təşkilat rəhbəri hansı səbəbdən özünü gizlətməyə çalışır? Apardığımız uzunm araşdırmalardan sonra biz bəzi mənbələrdən onun nadir şəklini əldə etmişik.

Bu arada, yəni məsələnin daha dərin məğzinə keçid etməmişdən öncə onu da xatırlatmaq istərdik ki, “ОУН”-nun qurulmasında və fəaliyyətin gücləndirilməsinə əsas rol oynamış aparıcı qüvvə, bütün dünyada terrorçu və faşist kimi tanınan, ikinci dünya müharibəsi zamanı faşistlərlə birgə kütləvi qətllərdə iştirak etmiş Stepan Bandera olmuşdur. Və bu səbəbdən də Adrian Heyrik özünün Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə Yuliya Yeşmuxanova (Yulia Yesmukhanova) adlı şəxsi gətirib ki, həmin şəxs Ukraynada Sorosun maliyyələşdirdiyi DOBRE adlı layihəsini icra edən əsas simalardan biri idi.

Bu yerdə daha bir danılmaz faktı da xatırlatmaq istərdik ki, Stepan Banderanın əsas əqidə yoldaşı və silahdaşlarından biri Ermənistanın hazırda milli qəhrəman elan etdiyi digər qatı faşist və antitürkçü, paytaxt İrəvanda abidəsi ucaldılmış Qareqin Njde olmuşdur.

Bir çoxlarında yaranan sual da budur ki, bəs necə olur, milliyətçə yəhudi olan Corc Soros məhz faşist ideologiyalı şəxsləri özünün yaratdığı təşkilatlara rəhbər təyin edir? Bu məqamla da bağlı maraqlı faktlar əldə etmişik.

Məsələn, bir neçə il bundan əvvəl, xüsusən ABŞ mətbuatında Corc Sorosun Nasist formasında şəkilləri paylaşılmış və o, nasistlərlə əməkdaşlıq etməkdə ittiham edilib.

Beləliklə, əslində özü nasizm ideologiyasının tərəfdaşı olan birinin dünyada daimi olaraq xaos yaratmaqda gerçək niyyətlərinin əsas səbəbləri və məqsədləri məlum olur. Və bu şəxsin yaratdığı və onun ideologiyasının tərəfdaşları olan Samanta Pauerin USAİD təşkilatı, eləcə də Adrian Heyrikin ŞQİİ-si Azərbaycanda hələ də fəaliyyət göstərirlər. Lakin bu təşkilatlar özlərinin əməkdaşlığını gizli formata çevirmək qərarına gəliblər.

Belə ki, biz öncə də xəbər vermişdik ki, Corc Soros nəzarətində olan USAİD vasitəsi ilə Azərbaycanda sabitliyi pozmaq üçün ŞQİİ-na əlavə 15 milyon dollar qrant ayırmışdı:

https://sia.az/az/news/politics/869592.html

Həmçinin, araşdırmamız nəticəsində müəyyən etmişdik ki, yeni qrantın ayrılmasında ciddi qanunsuzluqlara yol verilmişdi.

https://sia.az/az/news/politics/877915.html

Beləliklə, bütün bu faktlara baxmayaraq ŞQİİ, 2021-ci ilin oktyabr ayının 1-dən yeni “İctimai fəallığa dəstək” adlı layihəsinə həyasızcasına start vermiş, hətta özünü loqosundan istifadə etməkdən belə çəkinməmişdi!

Amma, 2022-ci fevral ayının sonunda, USAİD qərara gəldi ki, ŞQİİ-nin bu layihənin icrasına cəlb olunmasını gizlətsin və layihənin rəsmi sənədlərindən ŞQİİ-nin adı və loqosu yığışdırılsın. Hazırda layihənin loqosunda layihənin guya birbaşa USAİD tərəfindən icra olunduğu qeyd olunur. Yeni formatda layihənin rəsmi sənədlərinin görünüşü tam fərqli şəkildə verilir.

Bəs nə baş verdi, hansı səbəbdən USAİD qəflətən belə bir yeni fırıldağa əl atmalı oldu? Əslində səthi araşdırma belə, bu səbəbləri müəyyən etməyə imkan verir.

1.Əlbəttə ki, əsas səbəblərdən biri USAİD-in və ŞQİİ-nin Azərbaycan əleyhinə fəaliyyətlərinə dair, xüsusən də rəngli inqilabların növbəti raunduna hazırlıqları ilə bağlı yerli mətbuatın, xüsusilə aparılan araşdırmalar və yazılar olmuşdur.

2. USAİD-in öz fəaliyyətlərinin gizli formata keçirilməsinin başqa səbəblərindən biri də şübhəsiz ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik sazişinin imzalanması olmuşdur. Xatırladaq ki, həmin sazişin 11-ci maddəsinə deyilir (sitat):

“11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.”

Əlbəttə ki, bu Bəyannamənin imzalanması USAİD-i təşvişə salıb. Belə ki, hələ 2019-cu ilin 5 iyul tarixində USAİD yeni fəaliyyət istiqamətinin konsepsiyasını təqdim edərək əsas fəaliyyət istiqaməti kimi “Kremlin zərərli təsirinə müqavimət”i (COUNTERING MALIGN KREMLIN INFLUENCE ) müəyyən etdi və bununla da faktiki olaraq Rusiya ilə sıx siyasi və iqtisadi bağlılıqları, strateji tərəfdaşlıqları, eləcə də partnyorluqları olan ölkələrdə rəsmi (!) anti-Rusiya təbliğatına start verdi və hazırda da həmin fəaliyyətləri davam etdirir. İstinad üçün:

https://www.usaid.gov/sites/default/files/documents/1863/CMKI_Development_Framework_.pdf

Şübhəsiz ki, Soros bu amili nəzərə almalı idi və o, rəhbərlik etdiyi qurumların Azərbaycandan qovulmasını önləmək üçün dərhal USAİD-ə tapşırıq verdi ki, ŞQİİ və digər Sorosla bağlı qurumların fəaliyyətləri müvəqqəti olaraq “kölgə” formatına keçsin.

3. Bundan əlavə, SİA olaraq daha ciddi narahatlıq və suallar yaradan başqa bir məlumat da əldə etmişik. Belə ki, məlumata görə, faktiki olaraq ŞQİİ tərəfindən (yəni onun əməkdaşları tərəfindən) icra olunan layihə əsas fəaliyyət ərazisi kimi Qarabağ regionunu hədəf alaraq, özünün əsas ofisini Ağcabədidə yaratmağı planlaşdırır. Bəs burada narahatlıq yaradan məqam nədir? Elə maraqlısı da budur! Beləliklə, ABŞ konqresi tərəfindən təsdiq olunan “2022-ci il üçün Milli Müdafiə İcra Aktına” (National Defense Authorization Act for Fiscal Year 2022) əsasən, Konqres Dövlət Departamentinə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi uğurlarla bağlı “neqativ” məlumatları əldə edərək 6 ay ərzində (yəni 2022-ci ilin iyun ayınadək) Konqresə təqdim etməyi tapşırıb və həmin “neqativ” məlumatları ABŞ tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün əsas kimi istifadə etməyi planlaşdırır.

Tapşırığa əsasən Dövlət Departamenti 6 ay ərzində (yəni cari ilin iyun ayınadək) aşağıdakı 3 əsas istiqamət üzrə məlumatların toplayaraq Konqresə təqdim olunmasını təmin etməlidir:

a. Azərbaycanın “Dağlıq Qarabağa” qarşı istifadə etdikləri Bayraktarlarda ABŞ texnologiyalarından istifadə “faktları”;

b. “ Azərbaycan tərəfindən “Dağlıq Qarabağ” mülki əhalisinə qarşı guya “fosfor” və “klaster” mərmilərdən istifadəsi “faktları” barədə məlumatlar;

c. Müharibə zamanı Türkiyə və Azərbaycan tərəfindən guya “əcnəbi döyüşçülərin” cəlb olunması “faktları” haqqında “məlumatların” toplanılması.

Təkcə yuxarıdakı tapşırıqlara baxmaq kifayət edir ki, USAİD-in Qarabağda təcili fəaliyyətə başlamasının səbəblərini başa düşək. Şübhəsiz ki, USAİD-in və ŞQİİ-nin əməkdaşların əsas məqsədləri, kənd-kənd gəzərək, yerli əhali ilə görüşmək və onlardan yuxarıdakı “faktları” (əsasən ikinci və üçüncü bəndlər üzrə) təsdiq edəcək “məlumatları” toplayaraq Konqresə ötürməkdir ki, sonradan ermənilərin “böyük yeznəsi” Bob Menendesin nəzarətində olan Konqres Azərbaycanı sanksiyalar tətbiq etməklə hədələməklə, ölkəmizə qarşı “qəbuledilməz” şərtlər irəli sürsün!

Aydın olur ki, birbaşa Sorosun qulluğunda olan ABŞ demokratları Azərbaycana qarşı yeni həmlələr hazırlamaq üçün özünün burda yerləşdirdiyi qurumlarından maksimum istifadə etməyi planlaşdırırlar və bu məqsədlə müxtəlif fırıldaqlara, o cümlədən Sorosla bağlı təsisatların layihə icraçıları kimi adlarının gizlədilməsi kimi addımlara əl atırlar.

Biz isə öz tərəfimizdən yalnız ümid edirik və xüsusilə inanırıq (!) ki, aidiyyəti qurumlar bu araşdarmaların nəticələrini ciddi qəbul edərək lazımı, müvafiq və qabaqlayıcı addımlar atacaqlar.

Rövşən RƏSULOV

P.S. O ki qaldı USAİD-in burda qalıb fəaliyyət göstərməsinə, bu məsələyə artıq son qoyulmalıdır ki, növbəti təhlükələrin qarşısı alınsın. Xatırlatma istərdik ki, USAİD artıq bir çox ölkələrdən çoxdan qovulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə