Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil - PARTİYA SƏDRİ AÇIQLADI

"Ermənistan təxribatçı əməllərindən əl çəkmir. Bunun səbəbi çox sadədir. Çünki Ermənistan tarixinin ən böyük məğlubiyyətini yaşayıb. Böyük sarsıntı keçirib, dövlətin nüfuzu aşağı düşüb, hakimiyyət xalqın dəstəyini itirib. Bu vəziyyətdə təbii ki, imzalanan beynəlxalq müqavilələr bu cür dövlətlərin həmişə ziyanına olur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ermənistan əslində vaxt qazanmağa çalışır: "Ümid edir ki, bəlkə xarici güclərin hesabına onun beynəlxalq mövqeyi güclənə, onların yardımı ilə əlverişli müqavilələr imzalaya bilər. Bu gün sərhədlərin delimitasiyası ilə bağlı proses davam edir. Lakin Ermənistan bu prosesi müxtəlif bəhanələrlə ləngidir. Artıq iki ildir ki, Ermənistan bu prosesi ləngidir. Əslində Ermənistan tərəfinin məqsədi aydındır. Ermənistan tərəfi daha əlverişli şərtlərlə sərhədlərin delimitasiyasına nail olmaq istəyir. Bu gün bu qeyri-mümkündür".

Abutalıb Səmədov sözlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan dəfələrlə sülh sazişinin imzalanmasını tələb edir: "Bu məsələyə Ermənistan etiraz etmir. Ancaq şərt irəli sürür. Buna görə də, sülh sazişinin imzalanması ləngiyir. Bundan əlavə kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin açılması prosesini ləngitmək üçün Ermənistan əlindən gələni edir. Təbii ki, Azərbaycan tərəfi əlindən gələni edir, hərtərəfli təzyiqlər göstərir. Bundan əlavə həm Rusiya, həm də beynəlxalq birlik Ermənistana müəyyən təzyiqlər göstərməlidir ki, onlar bu cür təxribatlardan əl çəksinlər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə