Azərbaycanın işi haqq işidir - MÜNASİBƏT BİLDİRİLDİ

“İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşü Azərbaycanın siyasi həyatı üçün ən böyük uğurlardandır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov qeyd edib.

Onun sözlərinə görə, Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycanın əldə etdiyi uğurlar və bu uğurların ardınca Aşqabad Zirvə Toplantısında türkdilli ölkələrin, o cümlədən Azərbaycanın iştirakı onun təkcə iqtisadi həyatı üçün yox, siyasi həyatı üçün də böyük hadisə idi: "Azərbaycanla İƏT-in üzvləri arasında birmənalı olaraq gələcəkdə işğaldan azad edilən torpaqlara yardımla bağlı müzakirələr aparıldı. Digər tərəfdən bildiyimiz kimi 44 günlük müharibə dövründə və ondan sonrakı dövrdə İranla bağlı əsaslı narazılıqlarımız var idi. Bir dost kimi, müsəlman ölkəsi kimi, məzhəb baxımından bizə yaxın olan bir dövlət kimi təbii ki, incikliklərimiz var idi. Bu görüşdə cənab Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə olan danışıqlardan sonra hər iki tərəfin, o cümlədən Azərbaycanın dövlət başçısının İranla bağlı söylədiyi fikirlər bizim üçün çox mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Zirvə Toplantısında olan türkdilli dövlətlərin, həmçinin digər dövlətlərin, Pakistanın burada iştirakı olduqca önəmli məqamlardandır.

Azərbaycanın Pakistanla olan münasibətləri və gələcək inkişafı üçün müəyyən yolların axtarılması, cənab Prezident İlham Əliyevin digər dövlət başçıları ilə olan görüşləri, Pakistanın, Türkmənistanın, Türkiyə Cümhuriyyətinin, İranın və Tacikistanın dövlət başçıları ilə görüşləri onu göstərdi ki, Azərbaycan Qafqazın lider dövləti olduğu kimi eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatında da Azərbaycana xüsusi önəm verilir, Azərbaycana xüsusi etibar edilir. Xüsusilə Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana nəql edilməsi bu Zirvə Toplantısının ən böyük uğurlu sazişlərindən biri oldu. Bütün bunlar onu göstərir ki, 44 günlük müharibədən sonra Azərbaycan praktik olaraq qalib dövlət kimi iqtisadiyyatını da sürətli şəkildə inkişaf etdirir. Azərbaycanın haqq işini müdafiə edən dövlətlərə münasibəti də səmimidir. İqtisadi, siyasi sahədə hər iki dövlətin maraqlarını təmin edən müqavilələr imzalanır. Eyni zamanda Cənubi Qafqazın siyasi xəritəsində olan dəyişiklik və ən nəhayət Zəngəzur dəhlizinin açılması uğrunda mübarizədə Azərbaycanın dəstəkləməsi bir daha onu göstərir ki, Azərbaycanın işi haqq işidir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə