Azərbaycan polisinin narkotik müharibəsi: Qələbə yaxındadır! - ANALİZ

Məlum olduğu kimi, son dövrlərdə qlobal narkomafiya ənənəvi narkotiklərlə yanaşı, yeni süni kimyəvi narkotiklərin də ucuz qiymətə yayılmasını təşkil edir. Ölkəmizdə də, gənclər arasında belə qorxunc narkotik və psixotrop maddələrin yayılması milli genefondumuza ağır zərbələr vurur. Bu səbəbdən hüquq-mühahizə orqanları, xüsusən, DİN bu hallara qarşı mübarizəni gücləndirib.

Qeyd etmək lazımdır ki, görülən tədbirlər son dərəcə peşəkarlıqla və effektiv şəkildə həyata keçirilib və çox ciddi nəticə verib. Demək olar ki, ölkədə narkomafiyanın, narkotacirlərin fəaliyyəti minimumadək endirilib. Bununla belə, mütamadi olaraq yeni narkoticarətçilər aşkar olunur, külli miqdarda təhlükəli narkotik maddələr müsadirə olunur. Demək, bu işi davam etdirmək və sona çatdırmaq əzmi var. Yazını hazırlayarkən yayımlanan son məlumatı da nəzərinə çatdırmaqla, bu mövzuda bəzi maraqlı məqamları qeyd etmək istəyirik.

İnternetdə narkotik satan dəstə belə aşkar olundu

Daxili İşlər Nazirliyi tərəfindən təmassız, yəni onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan, bu yolla əldə olunan külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib. Bu barədə SİA-ya ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı əvvəlcə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İnstaqram və digər sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, İnstaqram sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən “patı”, “şüşə” adlanan metamfetamin və “kola”, “kakos” adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri “Vatsap” ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. İnstaqram sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Nazirliyin “Facebook” şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar. Yəni, həmin narkotacirlərin Vatsap ani mesajlaşma sistemi vasitəsi ilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar.

“Bandotdel” 20 nəfərlik narkotacir şəbəkəsini aşkar etdi

İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir-neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.

Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər- Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov saxlanılıb.

Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirlərilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı qeyd edilən kartların böyük bir qismi, həmçinin narkotik vasitələrin anbar kimi saxlanıldığı paytaxt və bölgələrdəki evlərdən isə külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkar edilib.

Beynəlxalq narkomafiyanın Azərbaycandakı üzvləri belə işləyib

Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsi ilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.

Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb edilmələri və ya Azərbaycana ekstradisiya olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 193-1.3.1 (mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması), 206.4, 234.4.1, 234.4.3 və 240.3.1 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son aylarda Daxili İşlər Nazirliyinin narkomaniyanın yayılmasına, narkotik ticarətinə qarşı apardığı mübarizə son dərəcə effektli olub, insanları zəhərləməklə məşğul olan yüzlərlə şəxs, qrup, yüz tonlarla narkotik maddə ələ keçirilib.

Milli genefondumuza ən ağır zərbə vuran narkotik maddələrdir. Bundan başqa, narkomaniya ölkədə kriminogen vəziyyəti ağırlaşdırır, cinayətlərin sayının artmasına gətirib çıxarır, vətəndaşların və dövlətin təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Məhz bu səbəbdən narkobiznesə qarşı belə bir mütəşəkkil və effektiv mübarizə ən böyük alqışa layiqdir.

Daxili İşlər Nazirliyi narkomafiya ilə müharibədə qalib gəlir

Obyektivlik naminə qeyd etmək lazımdır ki, Daxili işlər naziri vəzifəsinə general-polkovnik Vilayət Eyvazov təyin olunduqdan sonra nazirliyin işində əsaslı dönüş yaranıb, vətəndaşların şikayətlərinə baxılması və müvafiq tədbir görülməsi insanlarda polisə inamı artırıb, cinayətkarlara qarşı mübarizə güclənib, rüşvət faktoru böyük ölçüdə aradan qaldırılıb. Nazirliyin qaynar xəttinə zəng edildikdə və ya onlayn müraciət edildikdə dərhal cavab verilir və müvafiq tədbirlər görülür.

Aydındır ki, ölkədə sabitliyi, təhlükəsizliyi, qayda-qanunu tətbiq etməkdə polislə vətəşdaşlar arasında qarşılıqlı inamın, əməkdaşlığın olması böyük rol oynayır. Nazirlik də son dövrlərdə buna çalışır. Nəticədə, polisin işində həm ciddi keyfiyyət dəyişikliyi baş verib, həm də vətəndaşlarda polisə və dövlətə inam kəskin artıb.

Bu səbəbdən narkomaniyaya, narkomafiyaya qarşı mübarizədə vətəndaşlar polisin yanındadır və bu mübarizəyə dəstək verir. Bu birlik və əməkdaşlıq ölkəmizdə cinayətkarlığın qarşısının alınması, təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquqlarının pozulmasına qarşı ciddi bir müdafiə sistemi formalaşdırıb.

Burada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin gərgin və effektiv işini xüsusi qeyd etmək lazımdır. Bu idarənin peşəkarlığı nəticəsində Azərbaycan cinayətkar qrupların, narkomafiyanın ən az əl-qol aça bildiyi ölkələrdən birinə çevrilib. İndi idarə və ümumən nazirlik xaricdən idarə olunan bu cinayətkar əl-qolları ölkəmizdən tamamilə çəkilməyə məcbur etmək üçün böyük bir müharibəyə başlayıb.

Azərbaycan polisi həmişə olduğu kimi bu gün də vətəndaşların keşiyində, dövlətimizin arxasındadır. Vətən müharibəsində polislərimiz də mübarizə apardı və qalib gəldik. İndi isə ondan heç də geri qalmayan daha bir müharibə aparırlar, xalqımızı, gələcəyimizi norkamaniya kimi qorxulu düşməndən xilas etmək uğrunda müqəddəs bir müharibə. Bu müharibə biz də polisimizin yanında olmalıyıq, bu halda daha tez qalib gələcəyik. Tezliklə narkomaniya üzərində tam və qəti qələbənin əldə olunacağına artıq heç kimdə şübhə yoxdur.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...