"Parlamentin işindən razı olan və olmayan da var" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan yenidən refendumun keçirilməsi və parlamentin buraxılması barədə yayılan söz-söhbətlər boş sözlərdir, xülyadır. Bu fikirləri yaymaqda, sadəcə, 3-5 adamın marağı var. Mən hesab edirəm ki, Azərbaycanı, bizim hakimiyyəti, parlamenti, xalqı istəyən adamlar o xəbərləri nə oxuyacaq, nə də inanacaq. Mən şəxsən bunu deyirəm". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Sosial mediada parlamentin buraxılması ilə bağlı yayılan informasiyaları deputat belə açıqlayıb: "Burda heç bir arqument yoxdur və buna heç bir ehtiyac yoxdur. Parlament öz işini görür. Bu fikirlər, sadəcə, elə-belə məlumatdır. Bəzi saytlar deyir ki, bəlkə bunu kimsə maraqlanıb oxudu. Ancaq bu fikirlər tamamilə əsassızdır".

Bu cür fikirləri yayanların öz tələblərini əsaslandıra bilməməsi haqqında R.Quliyev belə deyib: "İstənilən addım atılanda dünya praktikasında belədir ki, onun üçün şərait olmalıdır. Atılacaq addıma ehtiyac və səbəb olmalıdır. Heç bir səbəb olmadan belə fikirlərin səsləndirilməsi artıqdır və yersizdir. Parlament il yarımdır seçilib və öz işini yerinə yetirir. Aydın məsələdir ki, parlamentin işindən razı olan və olmayan da var. Demokratik ölkə olduğumuz üçün bu olduqca təbii haldır. Bu cür fikirləri yaymağa heç bir əsaslı səbəb olmadığından, mən hesab edirəm ki, bunu yayanlar bizim ölkəni, cəmiyyəti sevən adamlar deyillər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...