Erməni təxribatlarının pərdəarxası məqamları nədir? - EKSPERT AÇIQLADI

“Ermənistan bölgədə sülhü təhlükə altına alan addımlarına davam edir. Bu intensivləşmə halı Avropa İttifaqı rəsmisinin bölgəyə səfəri və Ermənistana yardımın ayrılması fonunda gözlənilən idi. Çünki, Qərblə Rusiyanın bölgədəki maraqları açıq şəkildə toqquşmaqdadır. Nəzərə alsaq ki, Paşinyanın hökuməti formalaşdırması seçkidən 1 aydan çox vaxt keçməsinə rəğmən hələ də icra olunmayıb, maraq toqquşmasının həm də İrəvan və Moskva arasında da baş tutduğunun fərqinə varmış olarıq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, maraqların kimlər arasında toqquşmasından asılı olmadan, əmin olduğumuz bir gerçək var ki, o da Azərbaycanın ərazi bütövlüyünü öz diplomatik gücü və ordusu hesabına təmin etməsidir: “Lakin düşmən məğlub olsa da, Azərbaycan torpaqlarına iddiaları dəyişmir və ya dəyişilməyini istəməyən qüvvələr hələ də təsirini itirməyib. Hüquq prinsiplərini rəhbər tutmalı olan beynəlxalq güclər belə bu ritorikadan əl çəkmək istəmir. Deməli, Azərbaycan da cavab atəşi ilə düşməni susdurma ritorikasından əl çəkməli, bölgədə, onları kimin dəstəkləməsindən aslı olmadan separatçıların kökünü kəsməlidir. Bu, Azərbaycan tərəfinin atmalı olduğu ilkin addımdır. İkinci mərhələdə delimitasiya-demarkasiya prosesi Ermənistanın istəyindən aslı olmadan Sovet xəritələrinə uyğun intensivləşdirilməli, üçüncü mərhələdə Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədlərinin ciddi şəkildə möhkəmləndirilməsi prosesinə başlanılmalıdır. Bütün bu proseslər icra olunduqdan sonra qarşı tərəf sülh müqaviləsinə vadar edilməlidir. Çünki, ərazi bütövlüyü və suverenlik tanınmadığı halda protokol qaydalarına görə də sülh müqaviləsi imzalana bilməz. Sülh müqaviləsindən sonra isə qaçqınlar problemi öz həllini tapmalı, BMT-in Qaçqınlar Komitəsinin qəyyumluğu altında soydaşlarımız öz torpaqlarına qayıtmalıdır. Bu mərhələlər mütləq şəkildə ardıcıl icra olunmalıdır. Əks hal müşahidə olunduğu üçün bölgədə təxribatlar hələ də davam edir”.

Z.Qarayeva vurğulayıb ki, Ermənistan məğlub olan tərəfdir və bizim diktə etdiyimiz şərtlərə boyun əymək məcburiyyətindədir: “Bizim diktə etdiyimiz şərtlər isə ötən 30 ildə olduğu kimi, heç biri beynəlxalq hüququn prinsipinə zidd deyil. Əgər rəsmi İrəvan məğlub olduğu halda hələ də şərtlər diktə etməyə cəhd edirsə, demək ki, antiterror əməliyyatı qaçılmazdır. Biz müharibə tərəfdarı deyilik. Bunu torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında qaldığı halda nümayiş etdirdiyimiz yüksək səbr və dözüm, qələbə çaldığımız halda 10 ayda göstərdiyimiz kompromis sübut edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə