"Ermənistanda yeni bir istiqamətdə təbliğat maşını işə düşəcək" - MÜSAHİBƏ

SİA politoloq Anar Əliyevin müsahibəsini təqdim edir.

- Anar müəllim, Ermənistanın təxribatçı əməllərinə nə vaxt son qoyulacaq?

- Son günlər Ermənistan-Azərbaycan sərhədində artan təxribat hərəkətləri xüsusilə də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulmasına cəhdlər və Azərbaycan ordusu tərəfindən cavab atəşi ilə düşmənin susdurulması Ermənistanda vəziyyətin o qədər də aydın olmadığını və Ermənistanda Azərbaycanla münasibətlərin bərpa olunmasında vahid təssəvvürün və vahid yanaşmanın olmadığını göstərir. Hesab edirəm ki, ilk öncə bu daha çox Ermənistan ordusunda hələ də qalıqları mövcud olan "Qarabağ klanı"nın Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə vurmaq istədikləri zərbənin əlamətləridir. İkincisi, Ermənistanda seçkilərdən sonra hökumətin formalaşması ilə bağlı Ermənistan cəmiyyətində kifayət qədər narazı bir stuasiya, vəziyyət formalaşıb. Xüsusilə, Nikol Paşinyan komandaya daha çox gəncləri və kriminal dairələrlə əlaqəsi olan şəxsləri cəlb etməyə çalışır. Bu komandanın qurulması Ermənistan cəmiyyətində ciddi şəkildə müzakirə mövzusuna çevrilib.

- Paşinyan sülh müqaviləsindən imtina etməyə çalışırmı?

- Baş verənlər həm də hökumətin formalaşdırılması istiqamətində cəmiyyətin narazı qaldığı məqamlardan müəyyən qədər cəmiyyəti yayındırmaq və diqqəti daha çox Ermənistan və Azərbaycan sərhəddində baş verənlərə cəlb etmək cəhdidir. Düşünürəm ki, Nikol Paşinyan ciddi çəkildə Azərbaycanla növbəti danışıqlara getmək ərəfəsindədir. Bu fikri Nikol Paşinyanın son davranışlarını təhlil edərək, eyni zamanda formalaşdırdığı komandanın tərkibini təhlil edərək demək olar. Nikol Paşinyan Ermənistan cəmiyyətində müəyyən qədər təsirləri qalan revanşist qüvvələrin düşüncəsini və bu düşüncənin təsiri altında qalan əhalini Azərbaycanla növbəti razılaşmalara və növbəti müqavilələrin, bəyanatların imzalanmasına hazırlamaq istiqamətində ciddi prosesin reallaşdırılması ərəfəsindədir.

Hesab edirəm ki, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək və Ermənistan üzərindən Qarabağ kimi ağır və perspektivsiz yükün götürülməsini uğurla davam etdirir. Çox böyük ehtimalla qısa zaman ərzində bir neçə istiqamətdə Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində addımlar atılacaq. Birincisi, hesab edirəm ki, çox yaxın müddət ərzində Ermənistanda yeni bir istiqamətdə təbliğat maşını işə düşəcək.

- Zəngəzur dəhlizinin açılması istiqamətində nə kimi proqnozlar var?

- Fikrimcə, tezliklə Ermənistan cəmiyyətinə və vətəndaşlarına Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə maraqlarından daha çox Ermənistan xalqının və dövlətinin maraqlarına xidmət edən bir layihə olduğunu təbliğ edən bir prosesə start veriləcəkdir. Bu təbliğat mexanizminin nəticəsi olaraq yəqin ki, payız aylarından başlayaraq Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində praktik işlərin şahidi olacağıq. İkinci məsələ budur ki, həm Nikol Paşinyanın Moskvaya səfəri həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Moskvaya səfəri zamanı müzakirə olunan ən mühüm məsələlərdən biri üçtərəfli bəyanatların - 10 noyabr və 11 yanvar bəyanatlarının tələblərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Hesab edirəm ki, xüsusilə 10 noyabr bəyanatının 4 bəndinin tələbindən irəli gələrək Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması istiqamətində biz praktik addımların şahidi olacağıq. Çox ehtimal olunur ki, bu addımlar payız ayında reallaşmağa başlayacaq.

Üçüncüsü, sərhəddə baş verən proseslər və insidentlər, atəşkəsin pozulması halları çox qısa bir müddət ərzində Ermənistan tərəfindən sərhədə Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi və sərhədlərin məhz Rusiya tərəfindən qorunması ilə bağlı addımların atılması ilə yekunlaşacaq. Bu addımın Azərbaycan üçün müsbət tərəfi bundan ibarətdir ki, artıq biz atəşkəsin pozulması halında məsuliyyətsiz erməni tərəfini deyil, ciddi bir tərəfi, xüsusilə Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsində müəyyən mənada öhdəlik daşıyan Rusiyanı görəcəyik. Bu eyni zamanda atəşkəsin pozulması halında Rusiyaya fikirlərimizi demək üçün əlavə bir fürsətdir. Ən mühüm müsbət tərəf odur ki, Rusiya silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə gətirilməsi Sovet dövrü xəritələri əsasında Ermənistan-Azərbaycan sərhəddinin delimitasiya və demokrasiyası prosesinin həyata keçirilməsi istiqamətində ən mühüm ilkin addım olacaqdır. Bu sadaladığım istiqamətlərdə mühüm addımların atılması nəticə etibari ilə dördüncü, çox mühüm bir istiqamət üzrə fəaliyyətin başlanmasına gətirib çıxaracaq.

- Ermənistan Azərbaycan arasında böyük sülh müqaviləsi imzalanmasını nəzərdə tutursunuz?

- Bəli, Ermənistan və Azərbaycan arasında böyük sülhü əks etdirən sülh müqaviləsinin imzalanması istiqamətində adımların atılması hesab edirəm ki, yuxarıda sadaladığım birinci, ikinci, üçüncü istiqamətlərdə məsələlərin öz həllini tapması yekun etibari ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına gətirib çıxaracaq. Bu müqavilədə artıq bir mənalı şəkildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları aradan qalxacaq və Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyünü bəyan və qəbul edəcək. Nəticədə Ermənistan və Azərbaycan arasında kommunikasiya və nəqliyyat əlaqələri qurulacaq, iqtisadi layihələrin həyata keçirilməsinə başlanılacaq. Azərbaycan bir çox istiqamətlərdə və bir çox regional, qlobal layihələrdə Ermənistanı kənarda saxlamaq fəaliyyətinə son qoyacaq. Nəticədə Ermənistan Cənubi Qafqaz ailəsinin bir üzvü kimi proseslərin iştirakçısına çevriləcəkdir. Lakin, bütün bunlar Azərbaycan dövlətinin razılığı əsasında, bu proseslərə imkan verməsi nəticəsində baş tuta bilər. Hesab edirəm, Paşinyan və texnoloqları bunları düzgün dərk edir. Bu baxımdan Ermənistan tərəfindən atəşkəsin pozulması hallarını Ermənistan cəmiyyətinin sadaladığım proseslərə hazırlanması elementi kimi qiymətləndirmək olar. Bu addımlar Ermənistan dövlətinin Azərbaycan dövlətinin gücü qarşısında bir daha zəif olduğuna nümayiş etdirmək üçündür. Eyni zamanda Azərbacanın Prezidenti cənab İlham Əliyevin şəksiz liderliyi və ordumuzun gücü ilə barışmalı olduğunu nümayiş etdirmək və bununla da Ermənistan cəmiyyətini növbəti razılaşmalara inandırmaq məqsədi daşıyır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə