Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Novruz Bayramına həsr edilmiş konsertdə baş verənlərlə bağlı bəyanat yayıb
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanov Novruz Bayramına həsr edilmiş konsertdə baş verən insidentlə bağlı bəyanat yayıb. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun protokol xidmətinin məlumatında yer alan xəbərə əsasən bildirilir ki, cari ilin 19 mart tarixində Novruz Bayramına həsr edilmiş, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun təşkil etdiyi, 12 min nəfərin iştirakı ilə keçirilən konsertdə baş vermiş təxribatla bağlı hüquq-mühafizə orqanlarına artıq müraciət olunub, videomateriallar təqdim edilib.
Bəyanatda deyilir: "Videomateriallarda İlkin və Nizami Məmişovlar, həmçinin Mirzə Baxşıyevin təxribatda iştirakı açıq-aydın görünür. Zənnimcə, bu təxribatı idarə edən və törədən şəxslər dövlətimizin və xalqımızın düşmənlərinə qulluq edirlər. Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinə tərəfimizdən rəsmi nota göndərilib. Məsələnin ciddiliyini dərk edərək, bu insidentlə bağlı mükəmməl məşğul oluruq. Qanun çərçivəsində müvafiq qaydada bu işlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu gün gündəmdə Qüdsi Osmanov yox, dövlətimizin rəsmi nümayəndəsinin və dövlətimizin şərəfinin qorunması durur. Videogörüntülərdə canfəşanlıqla çıxış edən Aybəniz Səmədzadə, Sankt-Peterburq gəncləri arasında tanınmış, qeyri-kafi imicə malik olan, ailəsi tərəfindən rədd edilmiş bir şəxsdir. Ondan böhtan və ifrat məqsədi ilə istifadə edənlərə ona vəkil tutmaq tərəfimdən tövsiyə edilib. Bu təxribatı törədən və kənardan idarə edən şəxslər birmənalı qanun çərçivəsində cavab verəcəklər. O ki, qaldı sosial şəbəkələrdə süni şəkildə yayılan yalan və böhtanlara, bu, təxribatı yaradanların çox rəngli fantaziyasından xəbər verir. Birmənalı olaraq bəyan edirəm ki, mənim ünvanıma Aybəniz Səmədzadə ilə bağlı səsləndirilən fikirlər əsassız və böhtandır. Bu təxribatın kim tərəfindən törədildiyi və hansı məqsəd daşıdığı yaxın zamanlarda aydın olacaq", - bəyanatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB