"D-8 Zirvə toplantısı Azərbaycan üçün çox əhəmiyyətlidir" MÖVQE

"Azərbaycanın D-8 Zirvə Toplantısında iştirakı ölkəmiz üçün çox əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, əhalisi 100 milyon olan böyük müsəlman dövlətləri ilə yanaşı, Azərbaycanın səsinin beynəlxalq miqyasda eşidilməsi böyük nailiyyətdir: "Bir mühüm cəhət də ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatı artıq D-8 formatını tanıyır və əhəmiyyət verir, D-8-in qəbul etdiyi qərar və qətnamələr BMT-də məcburi müzakirə ediləsi məsələlərə çevrilir. Düşünürəm ki, toplantı, digər ölkələrin rəhbərləri ilə təmaslar Azərbaycan üçün çox faydalı oldu".

Azərbaycan Prezidenti İlham Əliyevin toplantıda çıxışının konkret hədəfə istiqamətləndiyini deyən deputat söyləyib ki, dövlət başçısı toplantıda çıxışının əsas hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişənin həllinə mane olan tərəfə yönəltdi: "Prezident İlham Əliyev ən əsası onu qeyd etdi ki, özünü müsəlman dövlətlərinə dost kimi göstərmək istəyən Ermənistana heç vaxt inanmaq olmaz. Dövlət başçısı çağırış etdi ki, sözdə Ermənistanı təcavüzkar kimi pisləyən bəzi dövlətlər əslində həmin ölkə ilə dostluq edirlər və bu düzgün deyil. Bəzi müsəlman dövlətləri açıq-aşkar bu işlə məşğul olurlar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə