"Azərbaycan iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi bütövlükdə Prezident tərəfindən müəyyənləşdirilmiş yeni dövrün əsas hədəflərindən biridir. İkinci Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və tədbirdə Prezidentin iştirakı da Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığı gücləndirdiyini və daha çox xarici sərmayənin cəlb edilməsi istiqamətində praktiki addımlar atdığını göstərir".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu çərçivədə həm investisiya mühitinin yaxşılaşdırılması, həm də xarici investorlar üçün yeni mexanizmlərin tətbiqi istiqamətində işlər aparılır:
"Forumda çoxsaylı aparıcı şirkətlərin, o cümlədən ümumi investisiya potensialı 30 trilyon dollar həcmində qiymətləndirilən şirkətlərin iştirak etməsi Azərbaycanın xarici investorlar üçün maraqlı bazar olduğunu göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Bu baxımdan həmin şirkətlərlə əməkdaşlığın genişləndirilməsi müxtəlif sektorlar üzrə investisiya qoyuluşlarının artmasına şərait yarada bilər. Eyni zamanda, birinci investisiya forumu çərçivəsində imzalanan sazişlərin də birbaşa investisiyaların artırılması baxımından əhəmiyyətli olduğu qeyd edilə bilər.
Ümumilikdə, 2025-ci ildə Azərbaycanda investisiya qoyuluşlarında artım müşahidə olunub. Həmin il Azərbaycan iqtisadiyyatına 34,2 milyard manat investisiya cəlb edilib ki, bunun 16,7 milyard manatı, yaxud 9,8 milyard dolları xarici investisiyaların payına düşüb. Xarici investisiyaların həcmi əvvəlki illə müqayisədə 17 faiz artıb. Birinci İnvestisiya Forumunun da bu göstəricilərə müəyyən təsir göstərdiyini nəzərə almaq olar.
Forumda BlackRock və digər iri investisiya şirkətlərinin, həmçinin rəqəmsal investisiyalar sahəsində fəaliyyət göstərən qurumların iştirak etməsi Azərbaycanın rəqəmsal inkişafla bağlı hədəflərinin reallaşdırılması baxımından da əhəmiyyətlidir. Azərbaycan regionda süni intellekt mərkəzinə və rəqəmsal haba çevrilməyi hədəfləyən ölkələrdən biridir. Bu istiqamətdə xarici sərmayənin cəlb edilməsi və müasir texnologiyalar üzrə yeni mərkəzlərin yaradılması mühüm əhəmiyyət daşıyır. Sözügedən şirkətlərlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanda rəqəmsal ekosistemin formalaşmasına və inkişafına dəstək verə bilər.
Eyni zamanda, Azərbaycanın beynəlxalq hesabatlarda investisiya cəlbediciliyinin yüksəlməsi də xarici sərmayənin cəlb edilməsini stimullaşdıran amillərdəndir. Dünya Bankı və digər aparıcı beynəlxalq qurumların hesabatlarında ölkənin investisiya mühitindəki dəyişikliklərin əks olunması Azərbaycanın iqtisadiyyatına daha çox xarici sərmayənin cəlb edilməsi üçün əlavə imkanlar yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB