Yüksək rütbəli hərbi şəxslərə qarşı sui-qəsdlər və artan çevriliş qorxusu Kremldə həyəcan siqnalı yaradıb. Əldə edilən gizli kəşfiyyat hesabatı göstərir ki, Vladimir Putinin ətrafındakı təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Personalın izlənməsindən internet qadağalarına, gizli sığınacaqlardan “kölgə” ziyarətlərə qədər Moskvanın gördüyü sarsıdıcı tədbirlər ifşa olunub.
SİA xəbər verir ki, Avropa kəşfiyyat agentliyinə istinad edilən gizli sənəd Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi ilə bağlı diqqətçəkən detalları üzə çıxarıb.
Hesabata görə, Kremlin hərbi komanda heyətində baş verən sui-qəsd dalğası və mümkün çevriliş cəhdi qorxusu səbəbindən Putinin şəxsi təhlükəsizliyini görünməmiş səviyyəyə qaldırıb. Hətta tədbirlər onun ən yaxın əməkdaşlarının evlərinə izləmə sistemlərinin quraşdırılmasına qədər genişlənib.
Sənəddə bildirilir ki, Putinin yaxın çevrəsində çalışan şəxslərin evlərinə gizli müşahidə sistemləri quraşdırılıb; aşpazlar, mühafizəçilər və fotoqraflar kimi əsas əməkdaşların ictimai nəqliyyatdan istifadəsi isə tam qadağan edilib.
Kremlə daxil olan bütün ziyarətçilərin iki dəfə ciddi yoxlamadan keçirildiyi, Putinə yaxın çalışanların isə internetə çıxışı olmayan “köhnə nəsil” telefonlardan istifadə etməyə məcbur edildiyi qeyd olunur.
Təhlükəsizlik tədbirlərinin bu qədər sərtləşdirilməsinin arxasında 2025-ci ilin dekabrında yüksək rütbəli bir generalın sui-qəsd nəticəsində öldürülməsi dayanır. Bu hadisə Rusiya təhlükəsizlik aparatında ciddi böhran yaradaraq Kremlin daxilində narahatlığı üzə çıxarıb.
Kəşfiyyat məlumatına görə, Putin və ailəsi Moskva yaxınlığındakı iqamətgahlarına və Valdaydakı yay sarayına getməyi dayandırıb. Bildirilir ki, Putin 2022-ci ildən bəri Qara dəniz sahilində yerləşən Krasnodar bölgəsində modernləşdirilmiş sığınacaqlarda həftələrlə qalır. Təhlükəsizlik riskləri səbəbindən onun hərbi obyektlərə səfərləri demək olar ki, dayandırılıb. İctimaiyyətə təqdim olunan görüntülərin çoxunun əvvəlcədən çəkilmiş olduğu iddia edilir.
Sergey Şoyqu potensial “çevriliş” təhlükəsi kimi qiymətləndirilir.
Hesabatın ən diqqətçəkən hissələrindən biri də keçmiş müdafiə naziri və hazırkı Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə bağlıdır. Bir vaxtlar Putinin ən yaxın silahdaşlarından biri olan Şoyqu artıq “potensial çevriliş təhlükəsi” kimi qiymətləndirilir.
Kəşfiyyat qeydlərində Şoyqunun ordu üzərində təsirini hələ də qoruduğu və bunun Kremldə ciddi narahatlıq yaratdığı vurğulanır. Martın 5-də Şoyqunun yaxın əməkdaşı Ruslan Tsalikovun korrupsiya ittihamı ilə həbs olunması “toxunulmazlıq razılaşmasının” pozulduğu və növbənin Şoyquya çata biləcəyi kimi şərh olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB