Kosmosdan təcili təxliyə edilən astronavtla bağlı həqiqət ortaya çıxdı

NASA astronavtı Mike Fincke, Beynəlxalq Kosmos Stansiyasında (ISS) tarixdə ilk dəfə baş verən təcili təxliyənin səbəbini açıqladı. Fincke bildirib ki, kosmosda olduğu zaman birdən-birə danışmaq qabiliyyətini itirib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, 15 yanvarda SpaceX Crew Dragon kapsulunun San Dieqo sahillərində okeana enişindən sonra baş verən tibbi fövqəladə vəziyyətlə bağlı məlumatlar məhdud şəkildə paylaşılmışdı. Keçən ay NASA erkən qayıdışa səbəb olan astronavtın Fincke olduğunu təsdiqləmişdi.

Hadisə 7 yanvarda kosmik gediş hazırlığından sonra axşam yeməyi zamanı baş verib. Fincke birdən-birə danışa bilmədiyini hiss edib: “Tamamilə gözlənilməz idi. Həddindən artıq sürətlə baş verdi.”

Təxminən 20 dəqiqə davam edən bu müddətdə heç bir ağrı hiss etmədiyini bildirən astronavt, sonrasında özünü normal hiss etdiyini qeyd edib. Mürettebat yoldaşları dərhal müdaxilə edərək Yer üzündəki uçuş həkimləri ilə əlaqə saxlayıblar.

“Yoldaşlarım vəziyyətimin çətin olduğunu anladılar. Saniyələr içində hər kəs hərəkətə keçdi,” – deyən Fincke, ilk olaraq ISS-dəki ultrason cihazı ilə müayinə edildiyini, sonrasında isə müxtəlif testlərdən keçdiyini bildirib.

59 yaşlı astronavt vurğulayıb ki, o gündən bəri oxşar bir problem yaşamayıb və həyatında ilk dəfə belə bir vəziyyətlə qarşılaşıb.

NASA hələ hadisənin dəqiq səbəbini müəyyən edə bilməyib. Ürək tutması ehtimalı istisna olunub, danışıq itkisi isə ağırlıqsız mühitlə əlaqəli ola biləcəyi qiymətləndirilir. Fincke kosmosda toplam 549 gün keçirib və hadisə zamanı ISS-də təxminən 5,5 aydır yerləşirmiş.

Astronavt tibbi gizlilik səbəbi ilə daha çox detal paylaşa bilməyəcəyini də qeyd edib. NASA-nın oxşar halların olub-olmadığını anlamaq üçün digər astronavtların sağlamlıq qeydlərini araşdırdığı bildirilib.

Fincke yaşanan hadisə səbəbindən 10-cu kosmik gedişinin ləğv edilməsindən və Crew-11 ekipajının planlaşdırıldığından əvvəl Yer üzünə qayıtmaq məcburiyyətində qalmasından üzrxahlığını bildirib. Lakin ekipaj yoldaşlarının ona belə dəstək verdiyini qeyd edib:

“Bu sən deyildin. Bu kosmos idi. Heç kəsi məyus etmədin.”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə