"Həmin ərazilərin sürətlə məskunlaşdırılması aparılır" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibənin zəfərlə başa çatmasından sonra təbii olaraq dövlətin əsas resurslarını işğaldan azad olunmuş torpaqların bərpasına yönəldir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Lakin bununla yanaşı, ölkənin digər ərazilərində də tikinti-quruculuq işlərinə və yeni iş yerlərinin açılmasına xüsusi önəm verir. Bu baxımdan İmişli, Sabirabad və Zəngilan səfərlərini dəyərləndirmək olar. Belə ki, bir tərəfdə işğal altında olmamış torpaqlar – konkret olaraq Sabirabad və İmişli, digər tərəfdə isə işğaldan azad edilmiş və sürətlə bərpa olunan Zəngilan var. Hər üç rayonda cənab Prezident açılış mərasimlərində və təməlqoyma tədbirlərində iştirak edib, regionların inkişafına əlavə stimul verib. Azərbaycan vətəndaşları da görülən bütün işləri müşahidə edir və yüksək qiymətləndirirlər.

Nəzərə almaq lazımdır ki, qələbədən cəmi 5 il keçib. Bir neçə gün sonra, noyabrın 8-də Zəfərin 5 illiyi qeyd olunacaq. Bu, çox böyük zaman olmasa da, artıq hər gün azad edilmiş ərazilərə köç prosesi həyata keçirilir. Məcburi köçkün statusunda olan vətəndaşlarımız doğma yurdlarına qayıdırlar. Faktiki olaraq həmin ərazilərin sürətlə məskunlaşdırılması aparılır. Bütün bunlar Prezident İlham Əliyevin çoxşaxəli siyasətinin nəticəsidir: bir tərəfdə işğaldan azad edilmiş ərazilərin bərpası, digər tərəfdə isə ölkənin digər bölgələrində inkişaf layihələrinin reallaşdırılması. Prezidentin Sabirabad, İmişli və Zəngilan səfərlərini də məhz bu yanaşma çərçivəsində dəyərləndirmək mümkündür".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə