"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadığı üçün Ermənistanın təxribatları davam edəcək". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, biz görürük ki, davamlı olaraq Ermənistan tərəfi atəşkəsi mütəmadi pozur: "Ermənistan Minsk Qrupunun ləğv edilməsi istiqamətində Azərbaycanın şərtini qəbul etmir. Bunun sülh müqaviləsi ilə birgə olmasını qeyd edir. Çünki Minsk Qrupunun varlığı konkret olaraq prosesi sabotaj edir. Sülh danışıqlarını və münaqişənin davam etdiyi görüntüsü yaranır.
Bu, bir növ Ermənistanın Azərbaycana qarşı əlində "təzyiq" vasitəsidir. Bir tərəfdən də atəşkəs pozulur. Düşünürəm ki, atəşkəs mütəmadi olaraq Ermənistan tərəfindən pozulacaq. Ermənistan ordusunda nizam-intizamın olmaması, hökumətin orduya tam nəzarət etməməsi, əlavə qrupların burada söz sahibi olması, özbaşınalıq atəşkəsin pozulmasına gətirib çıxarır. Təbii ki, Ermənistan hökuməti burada maraqlı tərəfdir. Çünki Ermənistanın orduya tam nəzarəti həyata keçirə bilməsi onun əsas vəzifəsidir.
Ermənistan baş naziri Nikol Paşinyan da keçən vaxt ərzində qeyd etmişdi ki, müdafiə nazirinə tapşırıb ki, atəşkəsi pozmasın. Amma göründüyü kimi, bu, etiraf idi ki, Ermənistan tərəfi atəşkəsi pozsun. Sülh olmadıqca Ermənistan bu kimi təxribatlara yol açacaq.
Sülhün bərqərar olması üçün Ermənistan konkret və davamlı addımlar atmalı, təxribatlara son qoymalı və Azərbaycanın ərazi bütövlüyünü tam və qeyd-şərtsiz tanıdığını hüquqi müstəvidə təsdiqləməlidir. Ermənistanın hazırkı siyasəti ziddiyyətli, qeyri-səmimi və strateji qeyri-müəyyənliklərlə doludur".
Bütün xəbərlər Facebook səhifəmizdə