"Almaniya Prezident Administrasiyası Azərbaycan tərəfinə üzrxahlıq etdi" - MÜNASİBƏT BİLDİRİLDİ
"Almaniyanın prezidenti Franq-Valter Steinmeyerin Ermənistana səfəri Azərbaycanın böyük narazılığı ilə yadda qaldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, bu da çox haqlı səbəbdəndir: "Azərbaycan Respublikasının Prezident Administrasiyası və Xarici İşlər naziri tez hərəkətə keçərək Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdilər. Nəticədə Almaniya Prezident Administrasiyası Azərbaycan tərəfinə üzrxahlıq etdi. Hətta bu üzrxahlıq məktubunda da hesab edirəm ki, bir sıra məqamlar var ki, mübahisə doğurur, ziddiyyət təşkil edir. "Azərbaycanın bir hissəsində bayrağın qeyd olunması"nı necə başa düşmək olar? Azərbaycanın bir hissəsində hansı əlavə bayraq ola bilər? İstənilən halda bu üzrxahlıq məktubu Azərbaycan dövlət orqanlarının operativ işini və cəsarətini, milli maraqlarımızın müdafiəsi sahəsində prinsipiallığını nümayiş etdirir. Digər buna oxşar hallar olarsa da, bu cür cəld hərəkətə keçmək və maraqlarımızın müdafiəsi önəmli xarakter daşıyır.
Dövlətlərin böyüklüyündən, miqyasından, dünya siyasətinə təsirindən asılı olmayaraq biz öz torpaqlarımızın, ərazi bütövlüyümüzün, müstəqilliyimizin, suverenliyimizin keşiyində bundan sonra da qətiyyətlə dayanacağıq. Almaniya da daxil olmaqla ölkəmiz əleyhinə müxtəlif məkrli planlar həyata keçirən, suverenliyimiz əleyhinə simvolların nümayiş olunması, ritorikanın müşahidə olunması tamamilə yolverilməzdir və bundan sonra da Azərbaycan bütün məsələlərdə bu cür prinsipiallığı ilə seçiləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə