"Zəngəzur dəhlizi Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biridir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində əsas məqamlardan biri də Zəngəzur dəhlizinin reallaşdırılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bu dəhlizin, layihənin müəllifi Azərbaycandır: "Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı qətiyyətli və birmənalı mövqeyi daim ortada olub. Azərbaycan dövləti üçün bu, qırmızı xətdir. Azərbaycanın əsas hissəsi ilə digər ayrılmaz hissəsi olan Naxçıvanı maneəsiz birləşdirəcək bu dəhlizin açılması qarşıya qoyulan ən böyük vəzifələrdən biridir. Azərbaycan dövləti nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizinin açılmasına nail olacaqdır. Buna heç kimin şübhəsi olmamalıdır.

Amma təəssüf ki, son dövrlərdə aparılan danışıqlar zamanı Ermənistan həmişə olduğu kimi bu istiqamətdə də qeyri-konstruktiv mövqe ortaya qoyur. Zəngəzur dəhlizinin açılması məsələsini ləngidir. Ermənistan qarşısında Azərbaycan bir çox haqlı tələblər qoyub və bu tələblər yerinə yetirilməyincə uzun müddətli, ədalətli və dayanıqlı sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz.

Bu gün Azərbaycanın irəli sürdüyü bir çox tələblər artıq Ermənistan tərəfindən qəbul edilib. Amma bəzi mübahisəli məqamlar yenə də qalmaqdadır. Bunun da əsas səbəbi Ermənistanın Azərbaycana qarşı konstitusiyada ərazi iddiaları ilə çıxış etməsidir. İlk növbədə Ermənistan öz konstitusiyasına düzəlişlər etməlidir. Bundan sonra biz dayanıqlı sülhdən danışa bilərik.

Əgər bu olmayacaqsa, Cənubi Qafqazda təhlükə daim qalacaqdır. Bu da ilk növbədə Ermənistanın özü üçün çox ciddi təhlükələr yarada bilər".

"Zəngəzur dəhlizi Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biridir. Tam əminliklə deyə bilərik ki, Zəngəzur dəhlizi tezliklə reallaşdırılacaq. Bu dəhlizin siyasi çəkisi ilə yanaşı iqtisadi əhəmiyyəti də çox böyükdür. Çünki təkcə Azərbaycan yox, Zəngəzur dəhlizindən bir çox bölgə ölkələri, Ermənistanın özü də çox ciddi iqtisadi qazanc, gəlir və divident əldə edəcəkdir. Ona görə də, hesab edirəm ki, Zəngəzur dəhlizi layihəsi reallaşdırılmalıdır. Bölgədə bununla da ciddi təhlükəsizlik və sülhün təməli qoyulmalıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə