"Rusiya öz ambisiyaları ucbatından "Ukrayna bataqlığı"na düşüb" - ŞƏRH EDİLDİ

"Ukrayna ətrafında baş verənlər çox çətin, həm də dərin hərbi-siyasi, o cümlədən iqtisadi maraqlardan qaynaqlanan münaqişədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, prosesin həll olunmasında qarşıya çıxan çətinlik maraqların toqquşmasıdır: "Bu gün Ukraynanın nə istədiyi kimsəni düşündürmür, əsas odur ki, ortada hər iki ölkədən qoparılacaq pay var. Rusiya öz ambisiyaları ucbatından "Ukrayna bataqlığı"na düşüb, Ukrayna da Qərbin tilovundadır və istənilən vaxt yem edilə bilər.

Ukrayna hadisələrində maraqlı tərəflərdən biri ABŞ-dır. NATO-nun genişlənməsi də, Ukraynanın Rusiyadan qopmaq görüntüsü yaratması da baş verənlərin yalnız görünən tərəfidir. Əslində isə indiyədək Rusiyanın təsir dairəsində olan və təbii resurslarından istədiyi kimi yaralandığı Ukraynanın bundan sonrakı taleyi idi. Ukrayna Avropanın ən zəngin ölkələrindənədir, hərbi gücü də az deyil. Avropaya isə zəif Ukrayna lazımdır, eyni zamanda Rusiyanı hərbi potensialından məhrum etmək planı da işləməkdir. Qərb demək olar ki, məqsədinə çatmaqdadır. Ukrayna Qərbdən asılı vəziyyətdədir, onun istədiyi tapşırıqları yerinə yetirir. Rusiya isə müharibəni uzatmaq yox, dayandırmaq istəyini gizlətmir. Sanki Qərbdən bir işarə gözləyir. Amma müharibəni qazanmadığını bilsə də onu büruzə vermək istəmir. Rusiya mediası, təsadüfi deyil ki, indiki durumu qələbə kimi təqdim etməyə çalışır. ABŞ məqsədinə çatıb, hər iki ölkə ilə, yəni münaqişə tərəfləri ilə istədiyi dildə danışır, onlara növbəti hansı addım atacaqlarını diqtə edir. Əks təqdirdə Rusiya daha ağır şərtlərlə üz-üzə qala bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə