"Müharibədən çıxmış Ermənistanı silahlandırmağa nə gərək var?" - ŞƏRH EDİLDİ

"Amerika Birləşmiş Ştatları əslində düz deyir, onlar silahları verərkən müəyyən öhdəliklərlə birlikdə verirlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, alan tərəf üzərinə öhdəlik götürür ki, silahlardan hansı şəraitdə istifadə edə bilməyəcək: "Bunu bilərək alır. Amma burada başqa bir məqama diqqət çəkmək istərdim. Amerika Birləşmiş Ştatları Ermənistanı silahlandırır. Əlbəttə ki, öhdəliklər var, amma o öhdəliklərə əməl ediləcəyinə kim təminat verir?

Ermənistan balaca bir dövlətdir. Aldığı silahlar Ermənistan ərazisində çox vaxt işə yaramayacaq. Çünki elə raketlər, silahlar var ki, onlar 300 km məsafəni vurur. Ermənistan belə silahı alıb ondan öz ərazisində necə istifadə edəcək? Ermənistanın bir başından o başına heç 300 km deyil. Deməli, bu cür silahları ölkə xaricinə tuşlaya bilər. Ona görə də, Amerika Birləşmiş Ştatları diqqətli olmalıdır.

Ümumiyyətlə, nə gərək var ki, müharibədən çıxmış Ermənistanı silahlandırırsınız? Azərbaycan onsuz da, açıq şəkildə bəyan edir ki, bizim Ermənistana hücum etmək fikrimiz, planımız yoxdur. Bizim əsas məqsədimiz sülh sazişinə nail olmaq, birgə yaşayışı təmin etməkdir. Eləcə də, qardaş Türkiyə Ermənistana hər hansı şəkildə hücum etmək fikrində deyil. Ondan başqa da, ümumiyyətlə, Azərbaycan və qardaş Türkiyə, yaxud da, sadəcə Azərbaycan Ermənistana hücum etsə, ABŞ silahları da onları xilas etməyəcək. Ona görə Amerika Birləşmiş Ştatlarının dediyi səfsəfədən başqa bir şey deyil. Onlar sadəcə olaraq bölgəmizdə öz mövcudluqlarını həm də bu cür qorumağa çalışırlar. Böyük səhv edirlər. Məncə, Amerika Birləşmiş Ştatları anlamalıdır ki, bizim bölgəmizə burun soxmasalar, buradakı xalqlar daha mehriban olacaqlar. Ümumiyyətlə, gələcəkdə silahlanmaya da ehtiyac olmayacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə