"Həmrəylik formulasına Azərbaycan xalqı daim sadiq qalmalıdır" - ŞƏRH EDİLDİ
"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu günün təsis olunması müstəqil Azərbaycan dövlətinin dövlət institutlarının təsisatlanması mərhələsində Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş ideya oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, hələ Naxçıvanda olarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Ulu Öndər Heydər Əliyev belə bir qərar qəbul etdi: "O dövrdə dünyanın hər yerində yaşayan azərbaycanlıların dövlətimizin güclənməsi və milli maraqlarımızın təmin olunması üçün səfərbər edilməsi şərtləri aktualdır. Belə şərtlər həmişə aktualdır, həmişə də aktual olacaq. Ona görə də, bu milli enerjimizin dövlət maraqlarımız istiqamətində cəlb olunması, xüsusilə o dövrdə olan problemlərimizin həlli istiqamətində yönləndirilməsi üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü çox mühüm bir hadisəyə çevrildi. Bu gün də biz dövlətçilik tariximizin müəyyən inkişaf mərhələlərində bu günün nə qədər əhəmiyyətli olduğunu bir daha görürük.
44 günlük Vətən müharibəsində, ondan sonrakı dövrdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları məhz Azərbaycanın mənafeyindən çıxış edərək öz yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsini hakimiyyət orqanlarına çatdırmağın özü ədalətin və beynəlxalq hüququn Azərbaycana münasibətdə yerini tapması üçün böyük işlər hesab edilə bilər. Ona görə də, düşünürəm ki, daim bu həmrəylik formulasına Azərbaycan xalqı sadiq qalmalıdır. "Güc birlikdədir", deyə atalar sözü var. Hazırda dünya azərbaycanlılarının fəaliyyətinin bir növ koordinasiya olunması üçün, onların Azərbaycan mədəniyyəti ilə, Azərbaycan təhsil sistemi ilə əlaqələrinin daha da dərinləşməsi üçün xüsusi Diaspora Komitəsi də fəaliyyət göstərir ki, bu da daima dünyanın dörd bir yanında yaşayan azərbaycanlılarla Ana Vətənimiz müstəqil Azərbaycan Respublikasının əlaqələrinin canlı tutulmasında mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə