"Prezident COP29-a münasibətin bəzi yolverilməz nüanslarını ifşa etdi" - MÜNASİBƏT BİLDİRİLDİ
"COP29-un açılışında Azərbaycan Prezidentinin çıxışına qulaq asdıqca dünyanın bu konfransa hazırlıq prosesində Azərbaycana qarşı etdikləri hücumların və apardıqları qara kompaniyanın nə qədər ədalətsiz olduğundan bir daha əmin olursan". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, Prezident öz çıxışında bəzi məsələlərə aydınlıq gətirməklə dünya dövlətlərinin COP29-a münasibətinin bəzi yolverilməz nüanslarını ifşa etdi: "Xüsusilə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qərar çıxandan sonra aparılan qaralama kompaniyası da əsassızlığını sübut edən arqumentlər bütün dünya üçün maraqlıdır. Doğurdan da bu gün Azərbaycan dünyanın karbon emissiyalarının demək olar ki, çox cüzi hissəsinə sahibdir. Yəni iqlim dəyişmələri üçün məsuliyyət daşıyan və müstəsna dərəcədə artan karbon emissiyası ilə məşğul olan ölkələrin Azərbaycan kimi ölkələri qaralaması ədalətsizlikdir.
Dünyanın başı üstünü almış təhlükələrin qarşısını almaq istiqamətində onların obyektiv mövqe tutmamasının ifadəsidir. Həqiqətən, Azərbaycan iqlim dəyişmələrində ən az məsuliyyət daşıyan və ən az karbon emissiyası həyata keçirən ölkələrdən biri olmağına baxmayaraq dünyanın başı üstündə gəzən təhlükəni ən öncüllər sırasında dərk edən ölkədir. Eyni zamanda bu ölkə statusunu daha da gücləndirmək üçün başqalarından fərqli olaraq daha güclü addımlar atmaqdadır.
Prezidentin çıxışına qulaq asdıqca bir daha əmin olursan ki, dünyanın başı üstünü almış bu təhlükənin qarşısının alınmasında daha az imkanlara malik olan Azərbaycan nə qədər inadkar və mütərəqqi şəkildə fəaliyyət göstərir. Əksinə, dünyanın iqlim dəyişmələri üçün daha böyük məsuliyyət daşıyan ölkələr yaxalarını nə dərəcədə kənara çəkməklə məşğuldurlar. Ona görə də iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə Azərbaycanın nə qədər mütərəqqi mövqedə olduğunu Prezidentin bu çıxışından bir daha görmək mümkündür".
"Prezidentin çıxışında mühüm istiqamətlərdən biri müəyyən müraciətlər və çağırışlardır. Burada Prezident iqlim dəyişmələri ilə mübarizədə bütün dövlətlərin səylərinin birləşdirilməsinin nə qədər önəmli olduğunu ortaya qoyur. Həm də iqlim dəyişmələri ilə mübarizədə bəzi ölkələrin əsas ana tezisi buraxaraq Azərbaycan kimi dövlətləri hədəfə almasının yolverilməzliyini göstərməsi ilə əlaqədardır. Buna görə də bu çıxış bir növ iqlim dəyişmələri ilə mübarizədə həm bu gün ortada olan bəzi neqativlərin aradan qaldırılması nöqteyi nəzərindən dəyərlidir, həm dövlətlərin səylərinin birləşdirilməsi baxımından dəyərlidir, həm də gələcəyə yönəlik müəyyən mütərəqqi və praktik qərarların qəbul olunmasının təşviq olunması nöqteyi nəzərindən əhəmiyyətlidir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə