"Ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunur" - MÜNASİBƏT BİLDİRİLDİ
"Məlumdur ki, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu, yəni Konstitusiyanı qəbul edə bilməmişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur: "Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə isə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
Daha sonra 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in də yeni Konstitusiya layihəsi hazırlanıb. Həmin Konstitusiyada o zaman Azərbaycan Mərkəzi Komitəsinin birinci Katibi olan Heydər Əliyevin təklifi ilə 73-cü maddədə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olaraq təsbit olunub. Bu konstitusiya 1978-ci il aprelin 21-də qəbul olunmuşdu. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi olduqca böyük və tarixi uğur idi.
Sonrakı dövrdə, konkret desək 1991-ci il 18 oktyabrında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Təbii ki, müstəqillik əldə etməyimiz yeni konstitusiyanın da qəbulunu zəruri edirdi. Və bu Konstitusiya 1995-ci il 12 noyabr tarixində keçirilmiş referendumla qəbul olundu. Həmin referendumda seçicilərin 86 faizi iştirak etmiş və iştirak edənlərin 91,9 faizi Konstitusiya layihəsinin leyinə səs vermişdir. Bununla da dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmiş oldu.
Heç şübhəsiz ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Qəbul olunmuş Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd oldu".
"Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.
Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu. Biz bu il Azərbaycan Respublikasının Konstitusiya Gününü artıq dörd ildir ki, fərqli əhval-ruhiyyədə qeyd edirik. Torpaqlarımız artıq işğaldan azad olunub və antterror tədbirlərindən sonra ölkəmizin Konstitusiya quruluşu da tam olaraq təmin olunub. Başqa sözlə artıq Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır və ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunur" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə