"Aİ Azərbaycanla əlaqələrinə böyük zərbə vurur" - ŞƏRH EDİLDİ

"Avropa Parlamentinin ölkəmiz əleyhinə oktyabrın 24-də qəbul etdiyi qətnamə növbəti dəfə bu qurumun öz qərarlarında ikili standartlara əsaslandığını sübut edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, qətnamənin adına baxmaq kifayətdir ki, bu qətnamənin insan hüquqları adı altında əslində hansı məqsədə xidmət etdiyini görəsən - “Azərbaycanda vəziyyət, insan hüquqları və beynəlxalq hüquqların pozulması, Ermənistanla münasibətlər”: "Ermənistanla münasibətlər adı altında Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin və separatçı rejimin liderləri olan terrorçuların hüquqlarını ön plana çəkən Avropa Parlamenti təmsilçiləri bir milyondan çox Azərbaycanlının evlərindən qovulmasına, Ermənistanın etnik təmizləmə siyasəti aparmasına, ərazilərimizi 30 il işğal altında saxlamasına baxmayaraq bir dəfə də olsun bu ölkəyə qarşı qətnamə qəbul etmədikləri halda indi bizə qarşı bu cür riyakar mövqe sərgiləyirlər.

Üstəgəl bütün bunlar Avropa İttifaqı ölkələrinin bir qisminin Ermənistanı silahlandırması, Avropa İttifaqının sülh fondu vasitəsilə Ermənistana silah və texnika alınması üçün milyonlarla vəsait ayırması fonunda baş verir. Əslinə baxanda bütün bunlar gözlənilən idi. COP29 ərəfəsində bir sıra Avropa institutları kimi Avropa Parlamentinin də xordan geri qalmayaraq bu cür qətnamə qəbul etməsi onu göstərir ki, bütün bu hücumlar eyni mərkəzdən idarə olunur.

Avropanı əslində nə Azərbaycandakı vəziyyət, nə də insan hüquqları maraqlandırmır. Və mən tamamilə əminəm ki, Azərbaycan da Ermənistan kimi sözə baxan, müti, müstəqil siyasət yürüdə bilməyən ölkə olsaydı, o zaman insan hüquqları da yada düşməyəcəkdi. Bir daha təkrar edirəm, əgər onlara həqiqətən də Azərbaycandakı vəziyyət maraqlı olsaydı, torpaqlarımız işğal olunanda, bir milyona yaxın qaçqın və məcburi köçkün şəraitsiz çadır düşərgələrində yaşayanda, xalqımıza qarşı soyqırımlar törədiləndə, dini-mədəni abidələrimiz, şəhər və kəndlərimiz dağıdılaraq talandıqda münasibət bildirərdilər. Və ya heç olmasa indi, Ermənistanın həyata keçirdiyi mina terroruna münasibət bildirərdilər. Amma yox, Gəncə, Bərdə, Tərtərdə mülki insanımıza qarşı terror aktlarına göz yumduqları kimi, mina terrorunu da görməzdən gəlirlər".

"Bütün bunlar azmış kimi Avropa Komissiyasına Azərbaycanla 2022-ci ildə bağlanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişə yenidən baxılmasını və Azərbaycandan qazın alınmasını dayandırılması ilə bağlı çağırışlar edirlər. Bu o deməkdir ki, Avropa Parlamenti öz absurd qətnamələri ilə hətta Avropa İttifaqının maraqlarını belə zərbə altına qoyur. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalardan sonra Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativ rolunda çıxış edir. Avropa Parlamenti isə Avropa İttifaqının enerji təhlükəsizliyinə balta vurmağa çalışır. Bütün bunların Avropa İttifaqı üçün yaxşı heç bir nəticə verməyəcəyi ortadadır. Əksinə bu cür fəaliyyətlə Avropa İttifaqı özünün Azərbaycanla əlaqələrinə böyük zərbə vurur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə